Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA üzvü, heykəl məhbusu Qiyas İbrahimovun məhkəmə prosesi baş tutub. Məhkəmə Qiyas İbrahimova 10 il həbs cəzası verib. Xatırladaq ki, dövlət ittihamçısı ona 9 il həbs cəzası istəmişdi.
Qiyas İbrahimov bu gün həm də son sözünü oxuyub.
“Mən narkotik ittihamlarına görə özümü müdafiə etməyəcəyəm, mən yazılı qanunların heç birini pozmamışam. Bizə tez-tez deyirlər, təhdid edirlər ki, siz özünüzü dərin quyuya salmısınız. Bəli, biz bunu çox gözəl bilirik. Biz özümüz o dərin quyuya düşmüşük ki, bəlkə suyu tapıb bu çirkabları yuya bildik. Biz o suda boğula da bilərik. Lakin, biz inanırıq ki, o suyu tapacayıq.”
Proses zamanı son söz yazılmış kağızlar müttəhimin əlindən alındığından o şifahi şəkildə “son söz” deməli olub.
Bu məqsədlə, diplomatik nümayəndəliklər, AXCP lideri Əli Kərimli və Qiyas İbrahimovun valideynləri istisna olmaqla, hamı zaldan çıxarılıb.
Qiyas İbrahimovun anası oğlu ilə bağlı çıxarılmış hökmə münasibətini bildirib.
AXCP sədri Əli Kərimli Qiyas İbrahimlə abğlı hökmə facebook səhifəsində belə münasibət bildirib:
“Heykəl məhbusu” Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi rejimin həm də qorxusunu göstərir. Düşünürlər ki, yalnız sərt cəzalarla o heykəlləri qoruya bilərlər. Ancaq yalnız bir müddət belə davam etmək olar. Bu siyasətin heç bir gələcəyi yoxdur. Bu ölkə hər cür bütlərdən təmizlənəcək. Qiyas bəy çox cəsarətlə son sözündə açıq bəyan etdi ki, heykəlin üzərinə şüarı xalqın gözünü açmaq üçün yazıb. Son sözündə bildirdi ki, rejim mənsubları ona bu hərəkətilə özünü dərin bir quyuya saldığını deyib. O isə cavab verib ki, “bəli, bu dərin quyuya girmişəm ki, quyudakı çirkabları təmizləyim, quyunun gözü açılsın, quyudan xalq üçün su çıxsın”. Qiyas bəy haqlıdır. Onun və digər siyasi məhbusların əziyyəti nəticəsiz qalmayacaq, ölkəmiz çirkabdan təmizlənəcək!”