Bənövşə Quliyeva Laçın rayonundan məcburi köçkün düşüb. 16 ildir ki, İsmayıllının Diyallı kəndində vaqonda yaşayır. Vaqon həyatı Bənövşə xanımın və iki övladının canına “qənim kəsilib”. Ananın ayaqları tutulub, övladlarının böyrək və ciyərləri sıradan çıxıb.
“Bir adamın ki ayağının altında döşəmə, başının üstündə tavan yoxdur, səncə, onun yaşayışına insan yaşayışı demək olarmı? Dediyim odur ki, mənim qaldığım paslanmış, çürümüş vaqona məmur öz itini də bağlamağı qıymaz. Hərdən düşünürəm, biz elə ölənəcən beləmi yaşayacağıq? Bu qədər allahsızlıqmı olar?! Gedirəm icra hakimiyyətinə, deyirəm, gəlin, görün nə vəziyyətdə yaşayırıq!.. İnanın ki ərindiklərindən hələ də gəlib çıxmayıblar. Yağış yağanda vaqonun içində corablarımızacan suya batırıq. Su vaqonun çürük yerlərindən içəri – döşəməyə axır. Odun alıb canımızı isitməyə pulumuz yoxdur.Hərdən o qədər bezirəm ki… Məcburi köçkünlərə hər dəfə ev tikiləndə aldadırlar ki, “evdən qalmadı, səbirli ol, gələn dəfə sənə də düşər”. Aldana-aldana həyatımızı yola veririk. Heç olmasa, övladlarımı nəzərə alsınlar, onların gələcəyini düşünsünlər”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə yaxın günlərdə köçkün ailəsinin durumu ilə maraqlanacaqlarını bildirdilər.