Londonun Azərbaycandakı korrupsiya ilə “bağlılığını” nümayiş etdirmək məqsədilə müxtəlif binaların qarşısına tur təşkil ediblər.

İnsan Haqları üçün İdman (Sports for Rights) koalisiyası Londonun Azərbaycandakı korrupsiya ilə “bağlılığını” nümayiş etdirmək məqsədilə müxtəlif binaların qarşısına tur təşkil edib.

Fəallar və jurnalistlərin baş çəkdiyi restoranlar, hüquq və PR şirkətləri, nəşriyyat və yaşayış binaları London şəhərinin mərkəz küçələrində yerləşir.

“Biz jurnalistlərə göstərmək istəyirik ki, bütün şəhər bu və ya digər dərəcədə Əliyev rejimilə əlaqəlidir, çünki bu binalar Azərbaycan hakimiyyətinin imicini ağartmağa yardım edən Britaniya bizneslərinə aiddir,” turun bələdçisi Rebecca Vincent deyib.

Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında başlayan tur – Child&Child hüquq firması, Buckingham Sarayı, Shepherds restoranı, Avropa Azərbaycan Təşkilatı (TEAS), Freuds PR şirkəti, Conde Nast nəşriyyatı, Formula 1 ofisi və Leyla Əliyevaya məxsus olduğu iddia edilən iki yaşayış binası olub.

Shepherds restoranı haqqında danışan ARTICLE 19 təşkilatından Susan Coughtrie bildirib ki, İndependent qəzetinin yazdığı kimi, bura 2014-cü ilin dekabrında yenidən istifadəyə verildikdən sonra Azərbaycanı xaricdə təbliğ edən TEAS ilə əlaqəsinə görə tur siyahısına düşüb.

“Media yazır ki, restoran Fövqəladə Hallar nazirinin oğlu Tale Heydərovun sədri olduğu TEAS-ın direktoru Lionel Zetterə məxsusdur”, Coughtrie izah edib.

Lionel Zetter İndependent on Sunday-in restoranın ona məxsus olması barədə suallarına cavab verməyib.

Conde Nast nəşriyyatının qarşısında çıxış edən Index on Censorship təşkilatından Melody Patry bildirib ki, baş redaktoru Azərbaycan prezidentinin qızı Leyla Əliyeva olan Baku jurnalı beynəlxalq diqqəti ölkədəki kasıblıqdan, korrupsiya və tənqidçilərə hücumlardan yayındırmağa çalışır.

“Məsələn, insan haqlarına zorakılığı əks etdirən foto sərgi təşkil etmişdik. Orada etiraz nümayişində polisin döydüyü insanların fotoları var idi. Tədbirə gəlmiş Azərbaycan rəsmiləri isə, bunun əksində, özləri ilə Baku jurnalını gətirmişdilər.”

Rebekka Vincent isə yaşayış evlərindən – 199 Knightsbridge ünvanında yerləşən penthaus və Park Lane Management Ltd.-in idarə etdiyi malikanədən danışıb.

“199 Knightsbridge Xədicə İsmayılovanın son araşdırmasının fiziki təzahürüdür. Buradakı penthauslardan biri Leyla və Arzu Əliyevalara aiddir. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) üzə çıxarıb ki, Azərbaycanın hakim ailəsi dünyada 140 milyon dollardan artıq daşınmaz əmlaka sahibdir və bunlar yalnız bilinən əmlaklardır.”

İkinci bina haqqında danışan Vincent qeyd edib ki, “OCCRP müəyyənləşdirib ki, 2014-cü ilin sentyabrınadək Leyla Əliyeva 129-130 Park Lane ünvanındakı binanı idarə edən Park Lane Management Ltd. şirkətinin direktorlarından biri olub. Binada neçə evin Əliyevaya aid olduğu bilinmir, çünki onların hamısı ofşor şirkətlərinin adında qeydiyyata salınıb. Britaniyanın Virgin adalarında yaradılmış ofşor şirkətlərinin hamısı eyni poçt indeksinə malikdir”.

Bu malikanənin qiyməti 6-8 milyon dollardır, Vincent əlavə edib.

Azərbaycan prezidentinin sözçüsü indiyədək malikanə və şirkət iddiaları ilə əlaqədar mediaya şərh verməyib. Hərçənd bundan əvvəl Azər Qasımov deyib ki, prezident qızlarının biznesə sahib olması qanunsuz deyil.

O bildirib ki, “prezidentin övladları həddi-buluğa çatmış Azərbaycan vətəndaşlarıdır və onların hər hansı bizneslə məşğul olması qadağan edilməyib”.

“Biznes etmək hər bir şəxsin hüququdur”, Qasımov əvvəlki müsahibəsində bildirib.

Azərbaycan rəsmiləri hər zaman insan haqlarının pozulmasına dair bütün beynəlxalq tənqidləri rədd edir, ölkədə siyasi fikirlərə görə təqiblərin olmadığını bildirir. (BBC azeri)