Barak Obama prezident olanda ABŞ-ın dövlət borcu 10,63 trln. dollar idi. İndi isə bu borc 19,5 trln. dolları ötüb və Obamanın səlahiyyət müddətinin sonuna 20 trln. dollara çatacaq. Yəni Obamanın prezidentliyi dövründə ABŞ-ın
dövlət borcu iki dəfə artıb. Faktiki olaraq ABŞ dünyanın ən iri problemli borclusudur. ABŞ-ın kreditorları sırasında demək olar ki, dünyanın bütün dövlətləri, o cümlədən Azərbaycan da var. Birinci yerdə isə Çindir – 1,244 trln. dollar. İkinci yerdə Yaponiyadır – 1,137 trln. dollar və s. Yəqin, nə vaxtsa bu kreditorlar borcların ödənilməsini tələb edəcək, ABŞ da ödəməyəcək. Həmin an postsovet məkanının kollektorları, qanuni oğruları, hakimləri və icra məmurları üçün unikal şans olacaq. Başda bizimkilər olmaqla! Bütün dünyanın gözləri onlarda olacaq, yeganə ümid mənbəyi olacaqlar. Çünki problemli borcları onlardan yaxşı qaytara bilən yoxdur. Elə təkcə bizim icra məmurlarının “Əəə, köpək oğlu, borcunu ödə!” və ya hakimlərimizin “Canın çıxsın, ödə!” demələri kifayət edəcək. Lazım gəlsə ABŞ prezidentinə böyrəyini də satdırar bizim kollektorlar! Necə deyərlər, dinsizin öhdəsindən imansız gələr! Neft eramız bitdi, amma əvəzində belə oğullarımız var, daşdan da pul çıxarmağı bacarırlar. Odur ki, naümid olmayın, hər şey yaxşı olacaq…
Əkrəm Həsənov, iqtisadçı ekspert