“Konstitusiyamızda insan hüquq və azadlarına geniş yer verilsə də,ondan yararlanmaq olmur”.

Azərbaycan Konstitusiyasında insan hüquq və azadlarına geniş yer verilsə də, reallıqda bu hüquqlardan yararlanmaq hər zaman mümkün olmur. Bu gün də vətəndaşlar mülkiyyət, sərbəst toplaşmaq, söz və ifadə azadlığı hüquqlarının reallaşdırılmasında çətinlik çəkirlər. Alternativ düşüncəyə malik insanlara qarşı təqiblərin olduğunun şahidi oluruq. Fikirlərinə, siyasi images-9mənsubiyyətinə görə həbslərin olmadığı bildirilsə də, alternativ düşüncə sahibi olan onlarla insan var ki, müxtəlif saxta ittihamlarla həbsə atılıb. Bu sahədə vəziyyət isə gözlənilənlərin əksinə olaraq ildən-ilə pisləşir. Artıq uzun illərdir Azərbaycanda seçkilər zamanı demokratik mühitinin yaradılmasında problemlər olur: “Son 10 ildə Seçki Məcəlləsinə edilən bütün dəyişikliklər mövcud normaları antidemokratik vəziyyətə gətirməyə xidmət edib. Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində seçki müddətin 60 günədək qısaldılaraq buna uyğun olaraq imza toplama müddəti 2 dəfəyədək azaldılıb, siyasi təşviqat müddətləri 22 günə endirilib. Sərbəst toplaşma yerlərinin sayı azaldılaraq hər rayonda bir və ya iki yerlə məhdudlaşdırılıb. Həmçinin, dövlətin mediada təşviqat imkanlarının məcəllədən çıxarılması, könüllü pul depozitinin ləğv olunması və digər mövcud imkanların məhdudlaşdırılması istiqamətində qanunvericilik dəyişdirilib ki, bu halların da hər biri vətəndaşların seçib-seçilmək imkanlarının əllərindən alınması deməkdir. Bu azmış kimi Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bəzi normativ aktlar qanunvericiliklə uyğunsuzluq yaradır. Seçki komissiyalarının tərkibi bu gün də problemli məsələ olaraq qalmaqdadır. Seçki komissiyalarının bu formatda hakim partiyaya və hökumət tərəfdarlarına bütün səviyyələrdə həlledici üstünlük verir ki, bu da istər-istəməz seçkilərin nəticəsinə təsir edir. Seçkilərə qısa müddət qalsa da hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti institutları arasında dialoqlar və müzakirələr yox səviyyəsindədir. .

Əgər əvvəki illərdə hakimiyyətin əsas diqqəti siyasi partiyaların üzərinə yönəlirdisə,artıq bir neçə ildən başlayaraq müstəqil vətəndaş cəmiyyəti institutları da sıxışdırılmağa başlanıb.Hökumətin korrupsiya əməllərini ifşa edən jurnalistlər və siyasi fəallar bu gün dəmir barmaqlıqlar arxasındadır. Bu sırada REAL Vətəndaş Hərəkatının sədri, prezidentliyə keçmiş namizəd İlqar Məmmədovu  və AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi, AXCP-nin sədr müavini Fuad Qəhramanlı, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin və.s adlarını çəkə bilərik. Digər tərəfdən hakimiyyət nümayəndələri öz çıxışlarında daim gənclərə göstərilən qayğıdan ağızdolu danışırlar.Lakin reallıq odur ki, heykələ yazılan bir kəlməyə görə fəal gənclər, Qiyas İbrahimov və Bayram Məmmədov narkotika  istifadəçisi  adı  ilə  hakimiyyət  tərəfindən  şərlənərək  həbs  olunublar.

Vətəndaş cəmiyyətinə qarşı basqılar nəticəsində ölkədə müstəqil hüquq müdafiə institutu da sıradan çıxarılıb. Siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillərə qarşı da geniş təzyiq kampaniyası aparılır. Müstəqil vəkillər siyasi məhbusları müdafiə etdikləri üçün cəzalandırılaraq Vəkillər Kollegiyasından xaric ediliblər.

Dörd milyondan artıq insanın yaşadığı Bakı şəhərində cəmi bir məkanda mitinqlər keçirilməsinə icazə verilir.

Ceyhun Əlizadə.