Ötən gün facebook sosial şəbəkəsində qalmaqal yarada biləcək foto yayılıb. Ali məktəblərə hazırlaşanlar üçün nəzərdə tutulan kitabın üz qabığı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, “Azərbaycan tarixi” dərsliyinin üz qabığı Ermənistanın bayrağını əks etdirən rənglərdən ibarətdir. Kitabın fotosu sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub. Bəziləri bunu ölkəmizə qarşı təhqir kimi qəbul etsələr də, bir qisim insan bunu təsadüfi bir hal kimi qiymətləndirib. Xebername.info məsələ ilə bağlı Hafta.az-a münasibət bildirən təhsil üzrə ekpert Əjdər Ağayev bildirib ki, bu məsələ artıq kriminal məsələdir. Kitabın ərsəyə gəlməsində adları keçən şəxslər məsuliyyətə cəlb oluna bilərlər:
Kitabın ərsəyə gəlməsində adları keçən şəxslər məsuliyyətə cəlb oluna bilərlər
“O kitabın dizaynını hazırlayan adam, onun müəllifi, nəşr edən nəşriyyat belə halları nəzərə almalıydı. İndiki şəraitdə çalışmaq lazımdır ki, Azərbaycanın itirilmiş torpaqları ilə bağlı, o torpaqları əks etdirən fotolar tarixi kitabların üz qabığında əks olunsun. Mən o kitabı görməmişəm. Həqiqətən o kitabın üz qabığında Ermənistanın bayrağı əks olunubsa, o zaman bu məsələ, artıq kriminal məsələdir. Bu, təkcə ictimai fikir deyil. Buna görə məsul şəxsləri cavabdehliyə çağırmaq olar. Bəzən belə hallara rast gəlmək olur. O zaman görürsən ki, kitabın ərsəyə gəlməsində kiminsə naməlum “barmaq izi” var. Ona görə, kitaba görə məsul şəxslər məsuliyyətə cəlb oluna bilər”.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da münasibət bildirib. C.Valehov şəxsi facebook səhifəsində yazdığı statusda deyib ki, məlum kitab dərslik kimi istifadə olunmur. Sadəcə olaraq, məlumat kitabçasıdır:
“Ötən gün sosial şəbəkələrdə fotosu paylaşılan Azərbaycan Tarixi məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya,müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı,forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib”.
Məsələ ilə əlaqədar olaraq kitabı nəşr edən “Didaktika” nəşriyyatı ilə də əlaqə saxladıq. “Didaktika” nəşriyyatından bildirdilər ki, kitabın üz qabığında Ermənistanın bayrağını əks etdirən heç bir foto yoxdur: “Əvvəla, o kitabda erməni bayrağı yoxdur. İkincisi, Ermənistan bayrağını orada görməyə can atmağa çalışanlar elə özləri ermənidir. Üçüncüsü, o kitabda birinci rəng tünd qırmızı-kəskin tünd, ikinci rəng tünd göy, üçüncü rəng isə sarı rəng, dördüncü rəng də yenə tünd qırmızı-kəskin tünd rəngdədir. Ermənistanın bayrağında isə birinci rəng açıq-qırmızı, ikinci rəng açıq-göy, üçüncü rəng isə narıncı rəngdir” .
“Didaktika” nəşriyyatında bildirdilər ki, kitabı bəhanə edib saytlarda yerləşdirmək özü erməni bayrağının reklamı deməkdir.
Xebername.info