Tarix elmləri doktoru Cəmil Həsənli deyir ki, bu məsələ haqqında dəfələrlə şərhlər verilib və hər dəfə qayıdıb bu barədə danışmaq mənasızdır. C.Həsənli onu da qeyd edib ki, bu gün Azərbaycan üçün prioritet məsələ bu olmamalıdır. Prioritet məsələ Azərbycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin pozulması və Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasıdır.
Bu məsələyə bizim kitablarımızda toxunulub. “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti – 1918-1920” kitabında bu məsələnin necə baş verdiyi ifadə olunub.
“Yerevanın Ermənistana verilməsi məsələsində mühüm bir məqam Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Biz bu məsələdə quruculardan kimisə qınamaq yolunu tutmamışıq. Bu baxımdan, məlum qərarın Məhəmməd Əmin Rəsulzadənin, yoxsa qeyrisinin imzasıyla təsdiqlənməsinin aydınlaşdırılması pis niyyətlikdən xəbər verməməlidir. Onu da nəzərə alaq ki, burada konkret olaraq kiminsə İrəvanı ermənilərə “verməsindən” söz açmaq savadsızlıqdan başqa bir şey deyil”, Cəmil Həsənli qeyd edir.
O, əlavə edir ki, məsələylə bağlı zamanında Milli Şurada Fətəli Xan Xoyski Azərbaycan Milli Şurasına məlumat verir. X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxulislamov, M.Məhərrəmov çıxış edərək İrəvan şəhərinin ermənilərə güzəşt edilməsinin mümkünsüzlüyünü bildirirlər. İki gün sonra İrəvan Milli Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvanın ermənilərə güzəştə gedilməsinə etiraz edirlər. Ancaq iyun ayının 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmir. Bununla yanaşı İrəvanın güzəştə gedilməsiylə bağlı şəhərə nümayəndə heyəti göndərmək qərara alınır.
C.Həsənli nəql edir ki, Milli Şuranın 29 may 1918-ci il iclasının protokoluna görə, siyahıda olan 28 nəfərdən 20-si bu qərarın lehinə səs verir. 1 nəfər əleyhinə olur, 3 nəfər bitərəf qalır. Onu da qeyd edək ki, Milli Şura İrəvanla bağlı daha bir qərar qəbul edir. Bu qərara görə Şuranın büdcəsində olan vəsaitin hamısı İrəvan müsəlmanlarına göndərilir. Bundan sonra Batumda danışıqlar başladı və razılıq əldə edildi ki, Azərbaycan Aleksandropol quberniyası hüdudlarında erməni kantonunun yaradılmasına razıdır. İrəvan şəhəri bu şərtlə ermənilərə güzəşt edilir ki, onlar Qarabağa olan iddialarından vaz keçsinlər. Danışıqlar iyun ayının 4-də hər üç respublika ilə “Sülh və Dostluq” haqqında müqavilələrin imzalanması ilə nəticələndi.
Prezident İlham Əliyev 1992-1993-cü il hadisələrindən danışarkən Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalından danışmayıb.
Azərbaycan müxalifəti isə bildirir ki, həmin rayonlar işğal edilərkən Heydər Əliyev hakimiyyətdə olub.
2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhə xəttində Azərbaycan və Ermənistan silahlı bölmələri arasında ağır döyüşlər gedib. Hər iki tərəfin itkilər verdiyi bildirilir. Bu döyüşlərin gedişində Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini işğaldan azad edib.
Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.