Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində bəzi detallar məlum olub. Belə ki, ittiham aktında MTN-nin agentura şəbəkəsi ilə işləyən ictimai-siyasi şəxslərin kimliyi göstərilib.
Keçmiş MTN ilə əməkdaşlıq edən şəxslərin adları niyə ictimaiyyətə açıqlanır?
Məsələni Meydan TV-yə şərh edən keçmiş MTN zabiti İlham İsmayıl hesab edir ki, adlar pulların mənimsənilməsilə bağlı açıqlanır:
“Söhbət agentura şəbəkəsi üçün ayrılan pullardan gedir. Yəni agentin adı, ləqəbi və ayrılan pullar haqda məlumat var, amma vəsait çatdırılmayıb. Agentə pul verilsə də, bu, az olub, qalanı mənimsənilib”.
İ.İsmayıl bildirib ki, prosesi qapalı keçirib, məsələni həll etmək olardı:
“Məsələnin kökünə gedək, xüsusi xidmət orqanı təhlükəsizlikdən tamam başqa istiqamətlərə – mənimsəmələrə, qarətlərə, səlahiyyət həddini aşmalara yönələndə, bu işlərlə məşğul olacaqdılar. Sual yaranır; Elçin Behbudova nəyə görə pul verməliydilər? Çox qəribədir. Onun vəzifəsi işgəncələrə qarşıydı, əgər Strastburqa gedibsə, deməli, bu məsələləri ört-basdır etmək üçün pul verilib. Belə çıxır ki, Luka Volonteyə verilən vəsait Behbudova da verilib. Bəlkə onun qarşısında başqa vəzifələr qoyulub, amma məntiqlə fərqli vəziyyət yaranır. Amma agentin ləqəbin və adını deyirlərsə, bu, artıq onun məhv olması deməkdir. Agenturaya normal yanaşmaq lazımdır, ancaq agent bu şəkildə ifşa olunursa, kimi cəlb edə biləcəklər?! Həmin adamın da adının açıqlanmayacağına təminat verəcəklərmi? Hazırda yeni sistem və rəhbərlik bunlara əməl edir və çox ciddi işlər görür. Amma keçmişin özünü də birtəhər qorumaq lazımdır, əks təqdirdə, yeni “verbovkalar” çox çətin olur. Çünki “verbovka”ya gedən adam 10, 15, 30 il sonra adının açıqlanmamasına təminat istəyəcək.
Ən dəhşətlisi odur ki, daha çox QHT-lərdən, sayt, qəzet redaktorlardan istifadə olunub. Adamdan soruşarlar ki, Antiterror Mərkəzisən, yoxsa ideoloji cəbhənin nümayəndəsi? Nə üçün bunlara pul ayırmısınız? Saytlar və QHT-lər vasitəsilə terrora qarşı mübarizə aparırdınız? Elçin Quliyevdən soruşmaq lazımdır: Antiterror Mərkəzində QHT rəhbərinin, yaxud redaktorların nə işi var? Deməli, məqsəd pul mənimsəmək olub, nəinki peşəkar fəaliyyət”.