Bu günlədə Mingəçevirdən redaksiyamıza daxil olan məlumatda Mingəçevir şəhər sakini Pərviz Abdullayevin hüquqlarının pozulmasına görə şikayət etməyə yer tapmadığını bildirərək min bir əziyyətlə tikdiyi kafesinin əlindən aldığını bildirmişdir.
Onun bildirdiyinə görə 2003-cü ildən min bir əziyyətlə tikdirdiyi “Aran” kafesi əlindən alınmışdır. Belə ki, 2013-cü ilin sonunda park salınacağı və əvəzində kompensasiya veriləcəyi adıyla kafe sökülmüşdür. P.Abdullayevin bildirdiyinə görə 2014-cü ilin dekabrından Mingəçevir Şəhər İcra Başçısının qəbuluna düşə bilmir ki, kampensasiyanı tələb etsin. O, dəfələrlə şəhər icra hakimiyyətində olsa da qəbula düşə bilmədiyindən dərdini deyə bilmədiyini qeyd edir. Yalnız 2015-ci ilin əvvəlində kafenin yerində “Səməni” otelinin tikildiyini öyrənən Pərviz Abdullayev 2015 ci ilin may ayında Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Polis bölməsində təhqir olunduğunu bildirən şikayətçi çox çətinliklə də olsa polis rəisi Ələsgər Bədəlovun qəbulunda olduğunu yazır: “Polis rəisi mənə bildirdi ki, kompensasiyanın yarısını mənə versən mən köməklik edə bilərəm. Bundan sonra isə Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vurdum”.
Pərviz Abdullayev bildirir ki, elə bundan sonra ona qarşı olan təzyiq və təhdidlər başlamış və şikayətini geri götürməsi tələb olunmuşdur. Təbii olaraq haqqını tələb edən P.Abdullayev polis əməkdaşları tərəfindən təhqirə məruz qalmış və mətbuata üz tutmağa qərar vermişdir. P.Abdullayev əlacsız qaldığını və mətbuat vasitəsilə haqqına qovuşacağına inamı olduğunu bildirmişdir. O, eyni zamanda bildirir ki, insan hüquq müdafiə təşkilatlarına müraciət etməyə kömək istəyir və bu yolla beynəlxalq təşkilatlardan dəstəyə ümid edir.