İyunun 29-da “Azel TV” xəbər saytının təsisçisi, həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.
O, həyat yoldaşının sərbəst buraxılmasını tələb edib. Sadıqova Baş İdarənin binası qarşısında səkinin üzərinə `Ədalətsiziliyə son!`, `Kölə etmə, azad et!` şüarlarları yazıb.
Əfqan Sadıqov bu il mayın 13-də saxlanılıb.
İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov Xəbərfakt.az nəşrinin redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.
Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.