Jirinovski: Qaçqınlar Azərbaycana axın edəcəklər

LDPR lideri Əsəd rejiminin süqutuna qarşıdır.

658x0_jiri

Rusiya Dövlət Dumasında LDPR (Rusiya Liberal-Demokrat Partiyası) fraksiyasının rəhbəri, partiya sədri Vladimir Jirinovski Suriyada Bəşər Əsəd rejiminin süqutuna hansı səbəblərdən yol verilməməli olduğunu açıqlayıb.

Xebername.info LDPR-in saytına istinadən xəbər verir ki, Jirinovski hazırda iqtisadi müharibənin getdiyini, ancaq neft hasil edən ölkələrin bombalandığını bildirib: Liviya neft deməkdir, İraq neft deməkdir, Suriya neft deməkdir.

Harada neft və qaz yoxdur, orada sakitlikdir, deyə, o, hesab edir.

“Suriya əsas mövqe tutur. Yeni qaz və neft kəmərləri bu ölkədən keçməklə Türkiyəyə, oradan isə Avropaya çəkiləcək. Suriya mane olur. Türkiyə ucuz neft və qazda maraqlıdır, o, tranzitçi olacaq, Qətər və Səudiyyə Ərəbistanı isə Avropaya qaz tədarük edəcəklər, çünki dəniz nəqliyyatı ilə çətindir”, – deyə, LDPR lideri bildirib.

Jirinovskinin sözlərinə görə, əgər Suriya Əsəd rejiminin süqutundan sonra dağılarsa, İrana qarşı müharibə başlayacaq.

“O zaman qaçqınlar Avropaya və cənuba yox, şimala, Azərbaycan, Ermənistan, Gürcüstana, Şimali Qafqaza axın edəcəklər – orada da hər şey dağılacaq. Daha sonra bu dalğa Rostova, Voronejədək çatacaq”, – deyə, o, bildirib.

Qərbin məqsədi odur ki, dünya böyük müharibə astanasında olsun, partiya sədri iddia edir.

Bunun üçün Yaxın Şərqdə yanğının baş verməsi və milyonlarla qaçqının Avropaya gəlməsi lazımdır.

“Və qoy avropalılar öz mehmanxana və mənzillərini hazırlasınlar – onlar Yaxın Şərqdən, Afrikadan 200-300 mln. qaçqın qəbul etməlidirlər. O zaman bütün Avropa ölkələrində sağ-radikalçı, nasist, faşist hökumətlər hakimiyyətə gələcək, Britaniya NATO və Avropa İttifaqından çıxacaq.

Bax elə onda Avropada əsl qarışıqlıq başlayacaq. Avropa qalacaq, lakin avropalılar qaçqınlara xidmət edəcəklər. Buna görə də, bu gün Suriya 1936-cı ilin İspaniyasıdır. Orada biz İspaniyaya kömək edə bilmədik və hakimiyyətə ispan faşistləri gəldilər”, – deyə, Vladimir Jirinovski xatırladıb.

Mətləb BALAKİŞİYEV