İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində təkrar deputat seçkisi keçiriləcək. Artıq bu barədə prezidentin sərəncamı var. Mərkəzi Seçki Komissiyası və müvafiq Dairə Seçki Komissiyası seçkilərə hazırlıq işlərinə başlayıb.
Qeyd edək ki, ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində 90 saylı dairədən həmin dairənin deputatı Çingiz Əsədullayev yenidən mandat qazanmışdı. YAP-ın siyahısında olmasına baxmayaraq noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 90 saylı Ağdaş seçki dairəsində seçkinin nəticələri ləğv edildi və Əsədullayev mandatsız qaldı.
Hakim partiyanın 90 saylı dairədə təkrar seçkilərdə kimin namizədliyini irəli sürəcəyi barədə hələ rəsmi informasiya yoxdur.
Müxalifət partiyalarının təkrar seçkidə iştirak edib-etməyəcəyini araşdırdıq.
AXP sədri Pənah Hüseyn şəxsən özünün təkrar seçkilərdə iştirak etmək fikrində olmadığını dedi: “Özümüz namizədliyimizi vermək fikrində deyilik. Həmin dairədə keçiriləcək seçkidə namizəd irəli sürmək və ya başqa namizədi müdafiə edib-etməmək məsələsi isə partiyada müzakirə edilməyib. Müzakirələrdən sonra qərar veriləcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, 90 saylı seçki dairəsində təkrar seçkidə iştirak edib-etməmək məsələsi bir dəfə partiyanın Rəyasət Heyətində müzakirə edilib, ancaq yekun qərar verilməyib:“Partiyada ümumi fikir belədir ki, seçkidə iştirak edilsin. Amma yekun qərarı partiyanın Rəyasət Heyəti yenidən müzakirə etdikdən sonra verəcək”.
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə seçkidə iştirak etməyəcəkləri ehtimalının daha yüksək olduğunu söylədi: “Məsələ partiyanın Siyasi Şurasının 15 aprel tarixli iclasında muzakirə olunub və ilkin olaraq seçkilərdə iştirak etməmək fikri üstünlük təşkil edir. Qərara alınıb ki, məsələ növbəti iclasda gündəliyə salınsın və həmin iclasda seçkidə iştirakla bağlı yekun qərar veriləcək.
Seçkilərin demokratik keçirilməsi üçün ilk növbədə Azərbaycanın seçki sistemində köklü dəyişikliklər edilməlidir. Bura proporsional seçki sisteminin bərpasından tutmuş seçki komissiyalarının formalaşmasınadək bir çox dəyişikliklər daxildir. Bununla paralel olaraq demokratik seçki mühiti formalaşdırılmalı və cəmiyyəti seçkili orqanların həqiqətən də seçki yolu ilə təşkil oluna biləcəyinə inandırmaq lazımdır. Nəhayət, bütün bu kompleks tədbirlərin həyata keçirilməsi üçün hakimiyyətin siyasi iradəsi olmalıdır. Siyasi iradə olmayacaqsa demokratik seçki keçirilməsi də xəyal olaraq qalacaq”.
VİP sədri Əli Əliyev isə dedi ki, 18 iyunda seçkidə iştirak edib-etməmək məsələsi ilə bağlı siyasi şuranın qərarı olmalıdır: “Belə tədbirlərə kollegial qurumlar qərar verir. Bu həftənin bazar günü növbəti toplantımız olacaq. Yəqin ki, bu məsələyə də münasibət ifadə edəcəyik. Bu, məsələnin rəsmi və hüquqi tərəfidir. Təkrar seçkinin siyasi tərəfinə gəldikdə isə mənim mövqeyim belədir ki, iqtidar siyasi seqmentdə iradə nümayiş etdirməlidir. Çünki seçkini müəyyən edən MSK və qanunvericilik yerindədir. Hətta MSK sədri də dəyişmədi. 2015-ci ilin noyabrında iqtidarın siyasi dəyişiklik istəmədiyi əyani olaraq göründü. Əgər iqtidarın siyasi açılım mövqeyi olacaqsa, məsələyə müsbət baxmaq olar. Yox, hakimiyyət susqun parlamentə üstünlük verəcəksə, enerji məsrəf etməyin mənası qalmır. Təcrübə göstərir ki, administrativ resurslar istənilən səviyyəli kampaniyanı heçə endirmək gücündədir. Bu mənim mövqeyimdir. Siyasi Şuranın mövqeyi bazar günü bilinəcək”.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov seçkidə iştirak etməyəcəklərini bildirdi. Səbəbini isə belə izah etdi ki, demokratik seçki üçün lazım olan şərtlər təmin edilməyib: “MSK-nın formalaşmasında da, gördüyünüz kimi, heç bir dəyişiklik olmadı. Başqa sözlə desək, təkrar seçkinin necə keçiriləcəyi təəssüf ki, indidən bəllidir. Əgər hökumət çıxıb bəyanat versə ki, Ağdaş dairəsində seçkini nümunə üçün tam müdaxiləsiz və ölkədəki demokratik ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nəzarəti ilə azad keçirəcəyik, onda qərarımıza yenidən baxa bilərik”.
Müsavat Partiyası da 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərə qatılmaq qərarında deyil. Partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, partiya olaraq seçkidə iştirak niyyətləri yoxdur: “Ötən ilin noyabr ayında keçirilən seçkilərdə iştirak etməklə bağlı Müsavat Partiyası qərar vermişdi. Hətta 30-a yaxın dairədə namizədlərimiz də qeydə alınmışdı. Amma təəssüf ki, hakimiyyət bütün seçkilər olduğu kimi bu seçkinin də azad, ədalətli keçirilməsi üçün iradə göstərmədi. MSK-nın yenidən formalaşdırılmasında hakimiyyətin demək olar ki, dəyişikliyə getməməsi də göstərdi ki, hələ də hakimiyyət seçkiləri həmişəki şəkildə keçirmək fikrindədir”.