Xatırladaq ki, 10 gün əvvəl İsveç prokurorluğu 2013-cü ildə Azərbaycan dəmir yolunun təchizatı üzrə tenderlə əlaqədar Azərbaycan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinən Kanadanın Bombardier şirkətinin əməkdaşını həbs etdi. İsveç prokuroru Thomas Forsberg BBC-yə deyib ki,təyyarə və dəmir yolu avadanlığı istehsal edən Bombardier-in bir neçə əməkdaşı Azərbaycan rəsmilərilə gizli sövdələşmədə şübhəli bilinirlər. Azərbaycan məmurlarının adı rüşvət ittihamı ilə bağlı xarici istintaqlarda birinci dəfə deyil ki, çəkilir. Söhbət də həmişə ciddi ittihamdan, büdcə pullarının israfından gedir. Ancaq indiyə kimi belə ittihamları Azərbaycan tərəfi araşdırbmı? Kimsə cəzalanıbmı? Cəzalanmırsa, bu niyə baş verir? İsveçdəki indiki istintaqdan Azərbaycan ekspertləri nələri gözləyir?
Siyasi şərhçi Gültəkin Hacıbəyli bundan əvvəl Azərbaycanın adı hallandırılan başqa korrupsiya əməllərini yada salır. Onun sözlərinə görə, Beynəlxalq Bankla bağlı ortaya çıxan daha irimiqyaslı korrupsiya faktına görə həmin cinayəti törədən insanların əməli araşdırılmadı, bu məsələlərin üzərindən sükutla keçirildi.
Gültəkin Hacıbəyli qeyd edir ki, məhkəmə prosesində cəzalandırılan bankın direktoru ifadəsində dəfələrlə bildirdi ki, həmin pulların əksəriyyəti hakimiyyətin yüksək eşalonunda təmsil olunan şəxslərin tapşırığı ilə ayrı-ayrı adamlara verilib. Siyasi şərhçi bildirir ki, əgər belə bir korupsiya faktının üzərinə gedilmədisə, Avstriyada manatın çapı ilə bağlı , İsveçdə Dəmir yolu ilə bağlı aparılan araşdırmaların üstündən də keçiləcək.
Gültəkin Hacıbəyli deyir ki, bunun səbəbi odur ki, həmin hadisələr hakimiyyətin yüksək səviyyəsində təmsil olunan şəxsləri əhatə edir və siyasi hakimiyyət həmin insanların cəzalanmasını münasib hesab etmir. Siyasi şərhçi bildirir ki, çox güman ki, İsveçdəki hadisəni hakimiyytyönlü media keçmiş nəqliyyat nazirinin maliyyə pozuntusu kimi qələmə verib, üstündən keçəcəklər.