“Əziz Tahirə xanım! Onu yaxşı bilirəm ki, bütün müstəntiqlərin ən gözəl təmsilçisi Rüfət Səfərov kimi dağ boyda bir igidin ürəyi dağlı anasını yeni il münasibəti ilə təbrik etmək sonsuz dərəcədə çətindir.
Bəli, bu acı həqiqətdir ki , bu gün məhbəsə günahsız Rüfət bəyin yox, sizin- müqəddəs ananın ruhu salınmışdır və əsl məhbus həyatını məhz siz yaşayırsınız. Bununla belə, qürurverici haldır ki, siz də oğlunuz kimi mərdi-mərdanə şər qarşısında qorxmursunuz,çəkinmirsiniz, sınmırsınız, oğlunuzun günahsız həbs edilməsinə qarşı haqq səsinizi ucaldır, özünüz kimi gözü yaşlı anaları haqqı nahaqqa verməməyə səsləyirsiniz. Gözləri kor,qulaqları karlardan başqa , bütün vicdanlı insanlar yaxşı bilirlər ki,oğlunuz, daha dəqiqi-xalqımızın cəsur, qorxmaz oğlu Rüfət bəy tərəddüd etmədən hər cür imtiyazlarından imtina edərək millətinin tərəfinə keçmiş, onun rəzil gündə olduğunu hər bir vicdanlı insana, bütün dünyaya bir daha bəyan etmişdir. Ellə gələn dərd toy-bayramdır- demiş müdrik atalar. Bu gün sizin və bizim qürur duyduğumuz, varlığı ilə nəfəs aldığımız təkcə Rüfət deyil, yüzlərlə onun kimi ləyaqətli oğul və qızlarımız ağır basqılara məruz qalmaqdadır. Sözsüz ki, indiki hakimiyyətdə var-dövlətə susamış, haram tikə yeməkdən doymayan,
Azərbaycana öz şəxsi sexi kimi baxan,total rüşvətin və korrupsiyanın içində boğulanlar bir gün etdikləri bütün ağır cinayətlərə görə hökmən cavab verəcəklər. O zaman onları indiki oyuncaq məhkəmələr deyil, siz anaların qurduğu ƏDALƏT MƏHKƏMƏSİ mühakimə edəcək və yediklərini burunlarından tökəcək, hamısını layiq olduqları tarixin zibilliyinə atacaqsınız. İcazə verin Sizi və Sizin timsalınızda bu hakimiyyətin antimilli əməllərindən iztirab çəkən bütün anaları yeni il münasibəti ilə səmimi təbrik edim,sizə uzun ömür,can sağlığı,tezliklə əzizlərinizə qovuşmağı arzulayım.
Dərin hörmət və böyük sevgi ilə: İstiqlalçı millət vəkili Mətləb Mütəllimli 02.01.2017.
Yazı müəllifin facebook səhifəsindən götürülüb