İsrail-Həmas müharibəsi: İlk yardım daşıyan avtomobil karvanı Qəzzaya daxil olub

Bu gün Qəzza sektoru ilə Misiri birləşdirən Rəfah sərhəd keçid məntəqəsi açılıb və humanitar yardım daşıyan yük avtomobilləri Qəzzaya daxil olub.

Bundan əlavə, Həmas oktyabrın 7-də İsrailə qarşı həyata keçirdiyi hücum zamanı əsir götürdüyü mülki şəxslərdən ikisini sərbəst buraxıb, İsrail rəsmiləri bildirib.

İsrail və Həmas silahlı qruplaşması arasında münaqişənin davam etdiyi iki həftə ərzində əsirlikdən azad edilən ilk iki nəfər ABŞ vətəndaşlarıdır.

Fələstinin Qırmızı Aypara cəmiyyəti isə bildirib ki, İsrail tərəfi 400 nəfər xəstənin müalicə olunduğu və 12 mindən çox didərgin fələstinlinin sığındığı Al-Qüds xəstəxanasının evakuasiya edilməsini təklif edib.

REKLAM

Ümumdünya Səhiyyə Təşkilatı isə xəstəxanadakıların hamısının təhlükəsiz şəkildə evakuasiya edilə biləcəyi ilə bağlı müəyyən narahatlıqların olduğunu bildirib.

İsrail və Həmas arasında gedən münaqişəni müzakirə etmək üçün 20-dən çox dünya liderinin bu gün Misirdə bir araya gələcəyi gözlənilir.

Rəfah sərhəd keçid məntəqəsi açılıb

İsrail, Həmas, Fələstin, münaqişə, müharibə, Rəfah, yardım, insan haqları, Qəzza

Bu gün Qəzza sektoru ilə Misir arasında yerləşən Rəfah sərhəd keçid məntəqəsi açılıb və ilk humanitar yardımlar Qəzzaya daxil olub.

Canlı paylaşılan video görüntülərdə Misir tərəfdən yük maşınlarının Qəzza bölgəsinə doğru hərəkət etdiyi görünür.

İsrail qida, su və dərman daşıyan 20 yük avtomobilinin Rəfah keçid məntəqəsindən Qəzzaya girişinə razılıq verib. Lakin bölgəyə yanacaq daşınması yardımların siyahısına daxil edilməyib.

Bununla belə sərhəd məntəqəsinin nə vaxta kimi açıq qalacağı barədə məlumat yoxdur.

Həmasın əsir saxladığı iki ABŞ vətəndaşı sərbəst buraxılıb

İsrail, Həmas, Fələstin, münaqişə, müharibə, Rəfah, yardım, insan haqları, Qəzza

İsrail rəsmiləri Həmas tərəfindən Qəzzada əsir saxlanılan ABŞ vətəndaşlarından ikisinin sərbəst buraxıldığını açıqlayıb.

Əsirlikdən azad edilən amerikalı Judith Raanan və onun qızı Natalie Raanan Həmasın 7 oktyabrda reallaşdırdığa hücum zamanı əsir götürülmüşdü.

Bu, regionda eskalasiyanın başladığı son iki həftə ərzində Həmas tərəfindən azad edilən ilk əsirlərdir.

Ağ Ev ABŞ Prezidenti Joe Bidenin telefonla əsirlikdən xilas olan Judith və Natalie ilə danışdığını açıqlayıb.

Biden iki amerikalının sərbəst buraxılması ilə bağlı yaydığı bəyanatda Qətər və İsrail hökumətlərinə onların sağ-salamat azad edilməsində göstərdikləri səylərə görə təşəkkür edib.

“Prezident kimi dünyanın hər hansı yerində əsir götürülən amerikalıların təhlükəsizliyindən daha üstün ali məqsədim yoxdur”, – Biden yaydığı bəyanatda bildirib.

ABŞ-ın Dövlət katibi Antony Blinken hələ də 10 amerikalının Həmasın əsirliyində qaldığını deyib.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner bildirib ki, Qəzzada saxlanılan əsirlərdən ikisinin ilk dəfə sərbəst buraxılması danışıqlar nəticəsində daha çox əsirin azad edilməsi ümidini artırıb.

Onun fikrincə, İsrailin Həmas qruplaşmasını bölgədən tamamilə təmizləyəcəyini deməsi və yüz minlərlə ordu qüvvəsini Qəzzaya göndərməyə qərar verməsi əsirlərin xilası ilə bağlı danışıqlara çətinlik yarada bilər.

Həmas silahlı qruplaşması oktyabrın 7-də İsrailə qarşı etdiyi hücum zamanı təxminən 200 nəfər mülki şəxsi əsir götürüb.

Qahirə Sülh Sammiti

Bu gün Misirdə İsrail və Həmas arasında münaqişənin dərinləşməsi ilə bağlı müzakirələrin aparılması üçün sülh sammitinin keçiriləcəyi gözlənilir. Tədbirə 20-dən çox ölkə liderinin qatılacağı bildirilir.

İki həftədir davam edən müharibə zamanı İsrail tərəfi 1400-dən çox insanın həlak olduğunu bəyan edib.

Fələstin rəsmiləri isə ölü sayının 4 mindən çox olduğunu açıqlayıb.

Reuters agentliyinin sammit iştirakçıları ilə bağlı əldə etdiyi məlumata görə, sülh müzakirələrində Misr Prezidenti Abdel Fəttah Əs-Sisi, Fələstin Prezidenti Mahmud Abbas, Britaniyanın xarici işlər naziri James Cleverly, BMT-nin Baş katibi Antonio Guterres və digər ölkələrin, o cümlədən ərəb dövlətlərinin liderləri yer alacaqlar.

Siyahıda İsrail, Həmas, ABŞ və İran nümayəndələrinin yer almadığı məlum olub. Mahmud Abbas West Bank-ın müəyyən hissəsinə nəzarət edən Fələstin hökumətinin rəhbəridir və onun rəhbərlik etdiyi hərəkat Həmas qruplaşmasının bölgədə əsas rəqibidir.

Misirli təşkilatçılar sammitin əsas məqsədinin atəşkəsin əldə edilməsi olduğunu bildirib, lakin onlar əsas oyunçular hesab edilən İsrail və Həması dəstəkləyən İranın görüşdə iştirak etmədiyini əsas gətirərək bu məqsədə nail olmaq üçün ümidlərin az olduğunu deyirlər.

Misir Qəzza sektoru ilə sərhədi olan yeganə ölkədir. Dünya liderləri Qəzzaya humanitar yardımların göndərilməsi üçün Misiri Rəfah keçid məntəqəsini açmağa çağırıb.