İspaniya mətbuatı: ”Qarabağ” tabe olmadığı ölkənin çempionatında çıxış edir

Qarabağ FK - foto: sosial şəbəkə

Nurlan İbrahimov: “Bu məsələ ilə bağlı artıq “Marca”ya müraciət etmişik”

İspaniyanın “Marca.com” saytı futbolla bağlı yazıda “Qarabağ” futbol klubunu “Dağlıq Qarabağ Respublikası”-nın klubu kimi təqdim edib.

Yazının həmin hissəsində deyilir:

“Hazırda Moldova və Azərbaycan hökumətləri ölkəyə tabe olmayan ərazilərlə mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağla bağlı belə problemlə üzləşib. Maraqlıdı ki, hər iki bölgənin komandası tabe olmadıqları ölkənin çempionatında çıxış edirlər. “Şerif” Moldova çempionatının son 6 mövsümünün 5-də çempion olub. “Qarabağ” da son Azərbaycan çempionudu”.

Məsələyə münasibət bildirən “Qarabağ”-ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Komanda.az”-a deyib ki, artıq lazımı addımlar atılıb:

“Bu məsələ ilə bağlı artıq “Marca”ya müraciət etmişik. Yəqin tezliklə səhvlərini düzəldərlər”.

“Qarabağ” hazırda Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparır. Ağdam təmsilçisi bu mərhələ çərçivəsində keçirdiyi ilk oyunda evdə Danimarkanın “Kopenhagen” klubunu 1:0 hesabıyla məğlub edib.