Azərbaycan neftinin dünya bazar qiyməti yüksək olaraq qalır: “AzeriLight” markalı neft 75,5 dollardır. Bu, dövlət gəlirlərinin hesablandığı büdcə qiymətindən 30 dollar yuxarı deməkdir. Belə yüksək qiymətlər fonunda Azərbaycanda yenidən bahalı proyektlər gündəmə gətirilməkdə, hər sahədə iri maliyyə tutumlu layihələr ortaya çıxarılmaqdadır.
Bir çox mütəxəssislər neftin qiymətinin yüksəlməsinin yenidən hökumətdə arxayınçılıq yaratdığını, qeyri-neft sektorunun inkişafı üçün başladılan islahatların isə arxa plana keçməsi təhlükəsinin yarandığını bildirirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, qiymətlərin yüksəlməsi ilə Azərbaycan iqtisadiyyatının neftdən asılılığı da artır: “Ötən illə müqayisədə bu il neftin qiyməti 45 faizə yaxın artıb. Bu, Azərbaycan hökumətinin gözləntilərini də aşdı. Hətta ən optimist proqnozlarda belə qiymətin 2018-ci ildə 75 dollara çatacağı ehtimalı çox aşağı görünürdü. Nəzərə alsaq ki, hazırda dünya neft bazarında qiymətlər siyasi konfliktlərə görə yüksəlib, görərik ki, bu artımın iqtisadi əsası yoxdur. İqtisadi təməllərə söykənsəydi, qiymətlər indikindən xeyli aşağı olardı. Qeyd edim ki, hələlik neftin qiymətinə təsir edən siyasi amillər qalır: Yaxın Şərqdə müharibə ocaqları, Rusiya ilə Qərb arasındakı konfliktlər. Siyasi və hərbi gərginliklər davam edir. Azərbaycan kimi büdcəsinin formalaşmasının birbaşa 50 faizdən yuxarısı, dolayısı ilə 70-75 faizi neftdən asılı olan ölkə üçün neft qiymətləri çox önəmlidir. Neftin qiymətinin bu qədər artması Azərbaycana kifayət qədər əlavə vəsaitin daxil olmasına səbəb oldu. Neftin qiymətinin hər barel üçün 1 dollar artması Azərbaycana gündəlik 400-450 min dollar əlavə vəsait gətirir. On dollar artıq olanda bu, 4-4,5 milyon dollar, 30 dollar artıq olanda isə 12-14 milyon dollar gündəlik əlavə gəlir deməkdir”.
N.Cəfərlinin sözlərinə görə, bu vəziyyət hökuməti arxayınlaşdırır: “Xatırlayırsınızsa, neftin qiyməti 40-45 dollar olanda Azərbaycanda islahat sözü daha çox işlənirdi. Struktur islahatları, yol xəritələri və sairlə bağlı müzakirələr daha çox aparılırdı. Neftin qiymətinin artması ona gətirib çıxardıb ki, belə ciddi diskussiyalar aparılmır daha. Hətta əvvəlki pozitiv notlar daha çox səslənməyə başlayıb: Azərbaycan inkişaf edir, ölkədə problem yoxdur və sair.
Son bir ildə yenidən köhnə modelə qayıtmışıq: büdcə investisiyaları hesabına artım. Bu il ötən illə müqayisədə büdcə investisiyaları 4 milyard manat daha artıq olacaq. Bununla da iqtisadi artımı təmin etmək istəyirlər. Bu, çox yanlış yoldur. Azərbaycan bu yolla gedərək 2014-2015-ci illərdə ağır böhran yaşadı. Hökumət anlamalıdır ki, neft qiymətləri çox oynaqdır, onu yüksəldən səbəblər daimi deyil. İndiki yüksək qiymətləri islahatları daha da dərinləşdirmək, neftdən asılılığı azaltmaq üçün istifadə etmək lazımdır. Lakin, təəssüf olsun ki, hələlik hökumətin bunu anladığı hiss olunmur”.