“İşıq məhbusları”nın həbs müddəti artırıldı.

Bu gün, martın 14-də Nəsimi rayon Məhkəməsi Biləsuvardakı etiraz aksiyasında saxlanılan məcburi köçkünlərin həbs müddətinin artırılması barədə prokurorluğun təqdimatına baxıb.

Məcburi köçkünlər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə müstəntiq vəsatətlə, baş prokurorunun birinci müavini Rüstəm Usubov isə təqdimatla məhkəməyə müraciət edib.загружено (1)

Məcburi köçkünlərin vəkili Elçin Sadıqov məhkəmədəki çıxışında onların həbsdə saxlanmasının qanunsuz olduğunu bildirib. Vəkil deyib ki, həbs müddətinin artırılmasından ötrü gərəkli hüquqi əsaslar yoxdur.

“Qanuna görə, ibtidai həbs müddətinin uzadılması üçün 4 səbəbdən biri mövcud olmalıdır. Həbs müddətini artırmaqdan ötrü şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olma təhlükəsi real sayılmalıdır. Eyni zamanda, şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ya ictimai asayişi qorumaq zərurəti mövcud olmalıdır. Bu işdə həbs müddətini artırmaqdan ötrü həmin zəruri əsasların heç biri mövcud deyil”, vəkil deyib.

O, vəsatət və təqdimatın rədd edilməsini, yetərincə ağır ittihamlara məruz qalmış köçkünlərin azadlığa buraxılmasını istəyib.

Ancaq vəkilin tələbi təmin edilməyib. Məcburi köçkünlərin həbs müddəti daha iki ay uzadılıb.

E.Sadıqov rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.