İran və Azərbaycan arasında gərginliyin səbəbi nədir, sonu nə olacaq?

İran quru qoşunları komandanlığının cümə günü Azərbaycanla sərhəddə başlatdığı və “Xeybər fatehləri” adını verdiyi hərbi təlimlərə “zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və hərbi aviasiyadan” atəş açmaq taktikası daxil edilib.

İranın siyasi rəsmiləri bu təlimləri bölgənin “stabilliyi və sülhü” naminə apardıqlarını desələr də, ölkənin hərbi təmsilçiləri müharibə oyunlarının məqsədini “bölgədə sionist təhlükə” ilə izah ediblər.

Ordunun quru qoşunları komandanı İranın şimal-qərb sərhədinə həssaslığının “artdığını” və İsrailin oradakı fəaliyyətinin “tam nəzarət altında” olduğunu bildirib.

Bəzi Azərbaycanlı təhlilçilərin fikrincə, bir ölkənin digər ölkənin sərhədində hərbi təlimlər keçməsi yalnız “güc nümayişi” kimi qiymətləndirilə bilər. “Amma İran qırmızı xəttin hardan keçdiyini, hardan qayıtmaq lazım olduğunu da bilir”, siyasi şərhçi Sülhəddin Əkbər BBC News Azərbaycancaya deyib.

Politoloq Zərdüşt Əlizadəyə görə, İran və Azərbaycanın “ziddiyyətli maraqları” zaman-zaman onların arasında gərginlik yaratsa da, “müştərək bağlar” bu ziddiyyəti kəskin toqquşmaya gətirib çıxarmağa imkan vermir.

Azərbaycan polisi Gorus-Qafan yolunda avtomobilləri yoxlayır

ŞƏKLİN MƏNBƏYİ,GAVRIIL GRIGOROV\TASS VIA GETTY IMAGES

Şəklin alt yazısı,Azərbaycan polisi Gorus-Qafan yolunda avtomobilləri yoxlayır

“Gorus-Qafan yolunda nəzarət” narazılığı

İki ölkə arasında münasibətlərin gərginlik xətti üzrə irəliləməsi sentyabrın 12-dən, Azərbaycan Gorus-Qafan yolunda polis postu qoyaraq İrana məxsus yük maşınlarını yoxlamağa başlamasından sonra müşahidə olunub.

Bundan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Prezident köməkçisi Hikmət Hacıyevlə görüşsə də, bundan bir-iki gün sonra həmin yoldan istifadə edən iki iranlı sürücü “Azərbaycan ərazilərinə qanunsuz girmə” ittihamı ilə saxlanıb.

Prezident İlham Əliyev xarici mediaya verdiyi müsahibələrin birində bildirib ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra da Qarabağa İrana məxsus yük maşınlarının girməsi məlumatlarını alıblar və bunu dayandırmaq üçün İranla “dostca danışıblar və buna son qoyulmalı olduğunu deyiblər”.

İlham Əliyevin sözlərinə görə, bu ilin iyul ayında, verdiyi bu göstərişdən sonra İrana məxsus yük maşınlarına Ermənistan qeydiyyat nişanı yapışdırmaqla “Azərbaycanı aldatmağa çalışıblar”.

Prezident bildirib ki, İrana iki xəbərdarlıqdan sonra Azərbaycan öz ərazisinə keçən yola nəzarət etməyə başlayıb və bununla Qarabağa gedən yük maşınlarının sayı sıfıra enib.

Azərbaycan təkcə yola nəzarət etməklə kifayətlənməyib, eyni zamanda İrana məxsus yük maşınlarının sürücülərini gömrük rüsumu ödəməyə cəlb edib.

Türkiyənin TRT kanalı iranlı jurnalist Fatimə Kərimxaniyə istinadən yazır ki, İran Ermənistanın işğal etdiyi ərazilər üzərindən əsasən gömrük rüsumlarını ödəmədən Rusiya və Qərbi Asiyaya çıxış əldə edirdi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Əli Əlizadanəni qəbul edərkən Gorus-Qafan yolu ilə bağlı Azərbaycanın tutduğu mövqedən narazılığını bildirib. O, Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti “yaraşmayan rəftar” kimi dəyərləndirib və iki sürücünün saxlanmasından “məyus” olduğunu deyib.

Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər hesab edir ki, İranın “qapalı kanallarla ona çatdırılan bu xəbərdarlığa əhəmiyyət verməməsi vəziyyəti onun güc nümayişi göstərməsinə” gətirib çıxarıb.

“İran da müstəqil dövlətdir, Azərbaycan da. Hər iki arasında müştərək bağlar da var, ziddiyətli maraqlar da. Bəzi hallarda müştərək bağları qorumağa çalışırlar, bəzi hallarda isə fərdi maraqları. Azərbaycan hesab edir ki, İran Ermənistanla yaxınlıq etməməlidir, İran da hesab edir ki, Azərbaycan İsraillə yaxın olmamalıdır”, -siyasi şərhçi Zərdüşt Əlizadə BBC News Azərbaycancaya deyib.

İlham Əliyev

ŞƏKLİN MƏNBƏYİ,ANADOLU AGENTLIYI

Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev xarici mediaya verdiyi müsahibəsində bu təlimlərə “təəccübləndiyini” bildirmişdi, çünki 30 ildi İran sərhədində belə bir təlim keçirməyib:

“Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən heç bir təlim keçirilmirdi? Niyə bu biz bu torpaqları azad edib 30 illik əsarət və işğala son qoyandan sonra edilir?”

Azərbaycan Prezidenti ümid edib ki, İranın bu davranışı onların “qanuni addımlarına emosional reaksiyası müvəqqəti” olacaq: “Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır”.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sentyabrın 24-də jurnalistlərə açıqlamasında deyib ki, “İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox”.

Onun sözlərinə görə, sözügedən təlimlər “planlı” olub və bu barədə məlumat aylar öncə Azərbaycan tərəfinə bildirib.

“Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”, – o deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 28-də verdiyi açıqlamada deyib ki, İranın şimal-qərb bölgəsində keçirdiyi hərbi təlimlər İranın “suveren hüququdur” və bu, “bölgədə sülhün və sabitliyin təmin edilməsini” hədəfləyib.

İranın Quru Qoşunları komandiri Kiomars Heydari Azərbaycan Respublikası ilə Türkiyənin İran sərhədlərində də manevrlər keçirdiyini xatırladıb.

Azərbaycanın Türkiyə və Pakistanla müttəfiqliyi

Siyasi şərhçi Zərdüşt Əlizadəyə görə, gərginliyin əsas səbəbi Azərbaycanın Türkiyə ilə münasibətləri, o cümlədən Pakistanın bölgəyə gəlməsidir: “Azərbaycanın İsraillə, Türkiyə və Pakistanla yaxınlığı müşahidə edəndə, bu, İranda qıcıq oyadır. Amma İran bu təlimləri öz ərazisində keçirir, bu onun suveren hüququdur. Biz də ərazimidə təlim keçiririk; ikitərəfli, üçtərəfli. Buna görə İrandan izacə almırıq ki?”

Yayın sonlarında, sentyabr ayının əvvəllərində Azərbaycan Türkiyə ilə ikitərəfli, sonra isə Pakistanla “Üç qardaş – 2021” adlı hərbi təlim keçirib. Bu ərəfədə isə Bakıda hər üç ölkənin parlament sədrlərinin və nümayəndə heyətlərinin ilk üçtərəfli iclasında “Bakı Bəyannaməsi” adlı sənəd imzalanıb.

Sənəddə Azərbaycan, Türkiyə və Pakistan “xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı, eləcə də bir neçə digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə” razılaşıblar.

“Azərbaycanın İkinci Qarabağ müharibəsindən qalib kimi çıxması, beynəlxalq aləmdə yerini möhkəmlətməsi, Türkiyə ilə strateji müttəfiqliyi, Pakistanla əlaqələrin sıxlaşması, İsraillə, Böyük Britaniya ilə strateji münasibətlər qurması – bütün bunlar İranı narahat edir və bu güc göstərişinin arxasında da bu dayanır”, – Sülhəddin Əkbər deyib.

Siyasi şərhçi hesab edir ki, İran hələ də Azərbaycanı öz tarixi ərazisi kimi gördüyündən “Arazın bu tayındakı Azərbaycanın” müstəqil, dünyəvi və demokratik olmasını öz “ərazilərinə təhdid kimi” görür.

Onun fikrincə, İran “hərbi güc nümayiş” etdirməklə Azərbaycanı yoxlamağa çalışır: “Amma artıq Azərbaycan əvvəlki dövlət deyil, İran da -Türkiyə və Pakistanla müttəfiqliyi, üstəlik də arxasında İsrail və Böyük Britaniyanın dəstəyini nəzərə alsaq, hansı güclə üz-üzə olduğunu görür”.

bbc.com