İran Pokemon oyununu qadağan edib

“The Guardian” yazır ki, İranda internetin filtrlənməsi həyata keçirilir, lakin bu vəziyyət milyonlarla istifadəçinin müxtəlif saytlara qoyulmuş blokları aşmasının qarşısını ala bilməyib.

“The Guardian” yazır ki, İran mobil telefonda oynanan Pokemon Go oyununu qadağan edən ilk ölkə olub. Tehran bildirib ki, oyunun real çoğrafi məkanlardan istifadə etməsi təhlükəsizlik problemləri yarada bilər. İranın yarımrəsmi İSNA xəbər agentliyi Əbülhəsən Firuzabadiyə istinadən bidirib ki, qlobal miqyasda oynanan hər bir oyun İran ərazisində oynanmaq üçün ölkənin Mədəniyyət və İslami İrşad Nazirliyindən icazə almalıdır və Pokemon Go oyunu belə bir icazə üçün müraciət etməyib.

İranda vəzifəli ədliyyə rəsmisi Əbdülsəməd Xürrəmabadi ötən həftə demişdi ki, ultrarealistik Pokemon Go oyunu ölkənin təhlükəsizliyi üçün dilemma yaradır və İran kəşfiyyat xidmətləri qadağanı təsdiqləyib.

“Bu oyunla bağlı çox problemlər var və o təhlükəsizlik baxımından ölkə və adamlarımız üçün problemlər yarada bilər” – deyib Xürrəmabadi Təsnim xəbər agentliyinə.

“The Guardian” yazır ki, İranın texnologiyalara həvəsli gəncləri bu oyuna tez bir zamanda qurşanmışdılar. Bu oyun ötən aydan qlobal fenomenə çevrilib.

İnternet bloklansa da

Bundan əvvəl İran rəsmiləri işarə etmişdilər ki, bu oyunun ölkədə oynanmasına müəyyən şərtlər daxilində icazə verilə bilər. Bunun üçün Pokemon Go-nun yaradıcıları məlumat serverlərini İrana keçirməli və bir sıra məkanları oyundan istisna etməli idilər.

“The Guardian” yazır ki, İranda internetin filtrlənməsi həyata keçirilir, lakin bu vəziyyət milyonlarla istifadəçinin müxtəlif saytlara qoyulmuş blokları aşmasının qarşısını ala bilməyib.

İranda hər dörd nəfərdən birinin istifadə etdiyi Telegram aplikasiyası buna misal ola bilər. Məqalədə deyilir ki, Facebook və Tvitterə qoyulmuş bloklara baxmayaraq milyonlarla iranlı bu şəbəkədən istifadə edir. “The Guardian” yazır ki, son illərdə İran hökuməti daha səmərəli bloklama üsuluna keçib. Məsələn İnstagram və Telegram açıq olsa da, onlardakı namünasib materiallar bloklanır.

Məqalədə deyilir ki, antiblok proqramları giriş sürətini azaldır və bunun Pokemon oyununa necə təsir etdiyi hələlik aydın dedil.

Bir iranlı Tvitterdə zarafartla yazıb: “İranda Pokemon oynamaq çətindir. Pokemonu tutanda gərək ayıq olasan ki, özün bəsic polisinin əlinə keçməyəsən”.