İntiqam Əliyev: “Sistem çürükdür, əfvlər, amnistiyalar, sərəncamlarla onu sağaltmaq mümkün deyil”
Hüquq müdafiəçisi İntiqam Əliyev mayın 20-də Milli Məclisin amnistiya haqda qəbul etdiyi qərarla bağlı fikirlərini Azadlıq Radiosu ilə bölüşüb. Müsahibəni təqdim edirik.
– Söhbətə ordan başalayaq ki, siz amnistiyaya düşürsüz-düşmürsüz? Çünki sizin, Leyla və Arif Yunusların, Rauf Mirqədirovun şərti azadlığı ilə bağlı məsələsinin amnistiyaya düşüb-düşməməsi əməlli-başlı çaşqınlıq yaradıb.
Sistem çürükdür, əfvlər, amnistiyalar, sərəncamlar yolu ilə bu sistemi sağaltmaq mümkünsüz.
– Yəni çoxlarından fərqli olaraq bu amnistiya qərarından heç bir müsbət gözləntiniz yox idi?
– Təbii ki, azadlığa qovuşanların və onların ailələrinin, yaxınlarının yerinə sevinirəm. Amma nə gizlədim, həm də çox məyus oldum. Təkcə ona görə yox ki, siyasi məhbuslardan heç biri bu aktdan yararlana bilmədilər. Əslində, dediyim kimi ölkədəki duruma yetərincə yaxşı bələd olanların bu anlamda xüsusi gözləntiləri yox idi. Ümumilikdə qısır bir sənəd var ortalıqda.
– Sizcə, bu layihə qəbul eidlməzdən öncə ictimai müzakirəyə çıxarılmalı idi?
– Amnistiya aktı ciddi hadisədir. Minlərlə insana toxunur. Son günə qədər bu sənədin layihəsi toplumdan gizlədildi. Ümidlərini bu akta dikən minlərlə insan – məhbuslar, onların ailə üzvləri, yaxınları, vəkillər, ictimaiyyət bu müddət ərzində falçılıq etməli oldular. Layihə hansı müddətə hazırlandı, onun hnin hazırlanmasına kimlər cəlb olundu, kimlər ona rəy verdi (eksperizası aparıldımı), maddələrin seçimində meyar nə oldu, niyə ictimaiyyətin, ekspertlərin müzakirəsinə çıxarılmadı – bu və buna oxşar çoxlu sayda sualların cavabları sirr olaraq qaldı.
Parlamentdə də gözlənildiyi kimi, sənədi faktiki müzakirəsiz qəbul etdilər. Ölkədə elə adamlar var ki, onun yazdığını hətta parlament müzakirəyə cəsarət etməz. Bu anlamda amnistiyanın bəxti gətirmədi həm də. Dördüncü dəfədir artıq. Halbuki parlamentə qədər də, parlamentdə də müzakirə olunmalı çox məsələlər var idi. Hökumətimiz bu dəfə də müzakirələrə getmədi.Çox hallarda olduğu kimi, toplumun fikrini eşitməyə, onunla “bir stol arxasında oturmağa” ehtiyac görmədilər. Həm də müzakirələrdən çəkindilər. Çünki ona hazır deyillər.
– Amnistiya haqda qərar siyasi məhbuslardan yan keçdi. Bəs içəridəki adi insanlar üçün nə qədər faydalı olacaq? Həbsxananı yenicə tərk etmiş biri, hüquqşünas kimi bu haqda nə düşünürsüz?
– Bu gün həbsxanalar ədalətsiz məhkəmə qərarlarının qurbanları ilə doludur. Onların arasında günahsız insanlar da var, etdiyi əmələ adekvat olmayan çox ağır cəza alanlar da. Bu insanların şikayətlərini ədalətli araşdıran məhkəmələr yox, dərdlərini deyə biləcəkləri təşkilatlar yox, işlərinin dalınca düşə biləcək vəkil tutmağa pulları yox və s. və i. Bu adamlar illərdir gözlərini amnistiyaya dikiblər, o ümidlə yaşayıblar ki, bəlkə bu yolla ailələrinə qovuşalar. Amnistiya həm də dövlət üçün bir şansdır ki, vətəndaşına qarşı yol verilən haqsızlığı gec də olsa aradan qaldırsın, özünü onun və ailəsinin gözündə reabilitasiya etsin. Amma insanlar bu dəfə də biganəliyə, laqeydliyə şahid oldular, növbəti dəfə aldadıldılar.
– Ağır cinayət törədən məhkumlar da amnistiyadan kənarda qaldılar. Deputat Rövşən Rzayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, qətl törətmiş insanı azadlığa buraxmaq olmaz, çünki onun öldürdüyü insan dirilməyəcək və ya mənimsəməyə yol verən məhkum həmin vəsaiti ödəyə bilmədiyi üçün azadlığa buraxılmamalıdı. Siz nə düşünürsüz bu haqda? Razılaşmaq olarmı bu arqumentlərlə?
– Bəli, amnistiyanı ağır cinayət törədən şəxslərə aid etmədilər. Arqument bu oldu ki, bu kateqoriyadan olan şəxslər cəmiyyət üçün təhlükəlidirlər. Əvvəla, heç kim demir ki, hamını ucdantutma aç burax. Amnistiyanın müxtəlif formaları var. Elə əməllər var ki, ağır cinayətlər kateqoriyasına aid edilib, amma əslində, çox ciddi yanlışlığın nəticəsində baş verib bu. Vergi, iqtisadi cinayətlərin böyük bir hissəsi, qızqaçırma, məhbuslar arasında “milli maddə” kimi tanınan narkotik və bir çox digər cinayətlər üzrə həddən artıq sərt cəzalar nəzərdə tutulub…
Amnistiyanın ağır cinayətlər kateqoriyasına aid edilməməsi ilə bağlı millət vəkillərinin, hökumət nümayəndələrinin arqumentlərinə qulaq asdım. Əli İnsanov ona yalan-doğru verilən 11 ilinin 10 ilini yatıb. Cəza müddətinin sonuna 6 ay qalıb. Onun kimi həbsxanalarda cəzasının sonuna 6 ay, 5 ay, 2 ay qalanlar da var. Dövlət bu adamları 3 ay tez buraxsaydı, hansı təhlükələr gözləyəcəkdi onu?!
– Deputatlardan Zahid Oruc qızqaçırma maddəsinin amnistiyaya düşməsinə etiraz edib. Sizcə, bu adamlar azadlığa buraxılsalar “ictimai təhlükəli” olacaqdılarmı?