Avropa Birliyi Komissiyasının sədri Juncker ingilis dilinin Avropada əhəmiyyətini itirməyə başladığını deyib və çıxışına fransız dilində davam edib.
BBC-nin xəbərinə görə Birləşmiş Krallıqla AB arasında Brexit müzakirələri gərginliyi davam edərkən, Juncker mətbuat konfransında çıxışını fransızca edəcəyini söyləyib. O, fransızca danışmağı üstün verməsinin səbəblərini belə açıqlayıb: “İngiliscə Avropada yavaş-yavaş, amma qəti şəkildə əhəmiyyətini itirir və ayrıca Fransada seçki olduğu üçün…”
Digər tərəfdən Juncker İngiltərənin AB-ni tərk etmə qərarını “faciə” kimi səciyyələndirib.
Xatırladaq ki, İngiltərə 1973-cü ildə birliyə qoşulmazdan əvvəl fransızca AB-nin əsas dili idi. Dünya səviyyəsində 400 milyon adamın ana dili ingiliscə, 220 milyon adamın ana dili fransızcadır.