“İndi həmin şəhidlərin qanları qurumamış ailələrini taleyin ümidinə buraxmaq namərdlik”

akarimli-yeni5Bu ilin aprelində Qarabağda gedən döyüşlər zamanı şəhid olanların bir neçəsinin ailə üzvləri ayrı-ayrılıqda dövlət qurumlarının onlara diqqətsiz münasibətindən şikayətlənib. AXCP sədri Əli Kərimli feysbuk səhifəsində bu məsələyə öz münasibətini bildirib:

Aprel şəhidlərinin analarının, həyat yoldaşlarının diqqətsizlikdən şikayətlənmələrini görmək, eşitmək çox ağırdır. Həm də təəssüfləndiricidir. Yox, bu hakimiyyətin Qarabağ şəhidlərinin ailələrinə, Qarabağ qazilərinə hörmət qoymaması təzə xəbər deyil. Bunu çoxdan bilirik. Ancaq etiraf edim ki, düşünürdüm builki aprel şəhidlərinə və qazilərinə münasibət daha fərqli olacaq. Ona görə ki, 23 illik sülalə hakimiyyəti dövründə əldə edilmiş, kiçik də olsa, yeganə hərbi qələbəni məhz aprel şəhidləri və qaziləri öz canları bahasına qazandı. Məhz onların rəşadəti, fədakarlığı sayəsində millətimiz özgüvənini bərpa etdi. Hökumət isə onların can bahasına azad etdiyi Lələtəpə və Talış yüksəkliklərinə görə özünü neçə aydır reklam edir. İndi həmin şəhidlərin qanları qurumamış ailələrini taleyin ümidinə buraxmaq namərdlik, nankorluq, ölkənin müdafiə qabiliyyətinə zərbə vurmaq deyilmi?