Reperin atası Qəşəm Teymurov müsahibəsində bildirib ki, oğlunu iyunun 2-də 12-ci Polis Bölməsinin əməkdaşları saxlayıb və iyunun 3-də isə Daxili İşlər Nazirliynin Binəqədi qəsəbəsindəki İnzibati Qaydada Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.
“Oğlumun həbsinin səbəbini sahə polis müvəkkilindən soruşdum. Dedim ki, mən valideynəm bilməliyəm oğlum niyə həbs edilib. Demədi. Anasına da heç nə deməyiblər. Getdik polisə, birinci dedilər qız şərləməsidir. Sonra dedilər belə deyil. Sonra dedilər polisə müqavimət. Sonra dedilər o da deyil. Nəhayət dedilər şəhid ailəsini döyən polislərlə bağlı paylaşıb. Onunla tutublar, sonra da narkotiklə həbs ediblər. Guya, oğlum narkotik istifadəçisidir. Başımla cavabdehəm, mənim uşağım ömrü boyu elə şeylərdən uzaqdır,” ata deyib ki, Elşən Teymurov bu günlərdə evlərinə zəng edərək narkotik ittihamı ilə iki ay həbsə məhkum edildiyini bildirib.
Qəşəm Tağıyev ailəsinin çətin sosial durumda olduğunu bildirib.
“Ailəmizdə heç kim işləmir. Çətin durumda yaşayırıq. Evimizə bircə çörək gətirən Elşən idi, onu tutdular.”
O, oğlunun həbsini pisləyir.
“Mən düzgünlüyün tərəfdarıyam. Düzgün olanlara əlli dəfə çox sağ ol deyirəm. Amma, heç nədən, heç nədən belə işlərə əlbəttə çox pis baxıram. Valideyn bilmir ki, övladı haradadır. Heç nədən insanı həbs edərlər. Qurban olum, belə olmaz axı,” o, təəssüflə qeyd edib.
Ata məhkəmənin qərarından şikayət etmək və vəkil tutmaq üçün maddi imkanının olmadığını bildirib.
“Mənim vəziyyətim edlədir ki, inanın allaha, bu dəqiqə evə yavan çörək almağa imkanım yoxdur. İnanın mənə, bir allah şahiddir. Ona görə tərpənə bilmirəm,” o, Amerikanın Səsinə deyib.
Rəsmi qurumlar reperin həbsi ilə bağlı hələ məlumat yaymayıb.
Amerikanın səsi