Bu gün məktəb direktoru olmaq üçün imtahandan keçsə də müsahibə mərhələsində “ilişib” qalan Goranboy rayon sakini Anar Məmmədovun təhsil naziri Mikayıl Cabbarova tikanlı müraciəti mediada ciddi ilgi gördü.
Xatırladaq ki, Anar Məmmədov nazirliyi qərəzçilikdə ittiham edərək ona qarşı sərgilənən münasibətə qarşı sözün həqiqi mənasında üsyan etmişdi.
Həmin yazını bu linkdən oxumaq olar http://moderator.az/news/150470.html
Moderator.az – ın əməkdaşı mövzunu davam etdirərək tanınmış təhsil eksperti Etibar Əliyevdən ümumiyyətlə kompetensiya anyaışına aydınlıq gətirməsini xahiş edib:
– Etibar müəllim, Siz yəqin ki, Goranboy rayon sakini Anar Məmmədovun Mikayıl Cabbarova ünvanadığı məktubu oxumusunuz. Məktub müəllifi qeyd edir ki, ona nazirlik tərəfindən çox məntiqsiz cavab göndərilib ki, sizin peşəkar kompetensiyalarınız müsahibə proqramının meyarlarına uyğun olmadığına görə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmamısınız…
– Mən həmin məktubu oxumuşam. Məktubda qeyd olunanların hamısına toxunmaq istəmirəm. Ancaq imtahandan sonra müsahibə nəyə lazımdır? Bunu kim icad edib? Müsahibə aparanların bilikləri yetərlidirmi? Yaxud onlar müəllim işləyiblərmi? Direktorların imtahanla təyinatı prokuror, hakim, vəkillik imtahanlarından fərqlənməlidir. Müəllimlərin Peşəkar kompetensiyası məsələsi o qədər mürəkkəb məsələdir ki, inanmıram ki, direktor olmaq istəyənləri imtahan edənlərin özləri bu barədə normal bilgilərə malik olsunlar. Müəllimlərin peşəkar kompetensiyalarının artırılması haqqında ilk kitabın müəllifi mənəm. Və direktor olmaq istəyənlərə mühazirələr oxumağa hazıram. Ancaq təhsil müəssisələrinə bu kitabların pulsuz paylanması barədə müraciət etməyimə baxmayaraq hələlik səs-səmir yoxdur. Təhsil Nazirliyinin kitaba münasibəti dəyişməsə təhsil müəssisələrində bu dəyərə münasibət dəyişməyəcək.
– Siz Qeyri-Hökumət Təşkilatı rəhbəri kimi müsahibə və imtahanlarda işdiraka dəvət olunmursunuz?
– Xeyr. Belə mühüm məsələlərə QHT nümayəndələri və təhsil ekspertləri dəvət olunmurlar. Ona görə də bizə jurnalistlər iştirak etmədiyimiz tədbirlər barədə suallar verəndə çıxılmaz vəziyyətdə qalırıq. Özləri isə cavab verməkdə çətinlik çəkirlər. Narazılıqlar da buradan yaranır.