REAL sədri isə Ali Məhkəməyə müraciət etməkdə tərəddüdlüdür
Araşdırmaçı jurnalist Xədicə İsmayılın mayın 25-də Ali Məhkəmədən azadlığa buraxılması bir daha diqqəti REAL sədri İlqar Məmmədovun həbsdə qalmasını yönəldib.
Aprelin 29-dakı məhkəmə prosesində İ.Məmmədovun azadlığa buraxılacağı gözlənilsə də, Şəki Apelyasiya Məhkəməsi onu həbsdə saxlamağa üstünlük verdi. Doğrudur, X.İsmayıl Ali Məhkəmədən azadlığa buraxıldı. Amma nəzərə almaq lazımdır ki, artıq üç ildən çoxdur həbsdə olan İ.Məmmədov barədə indiyə qədər bu tipli məhkəmə olub və o, həbsdə saxlanılıb.
İ.Məmmədovun Ali Məhkəmədən azadlığa buraxılması ümidləri yüksək olsa da, REAL sədri bu instansiya orqanına şikayət verməkdə tərəddüdlüdür.
Bu barədə “Yeni Müsavat”a vəkil Fuad Ağayev məlumat verib: “Müraciəti nəzərdə tutmuşuq. Sadəcə, məsələ bundadır ki, indiyə qədər əyalət məhkəməsinin Avropa Şurasının qərarında göstərilənləri təftiş etməsi halı görünməyib. Avropa Şurasında da bu hala rast gəlinməyib. Bununla Azərbaycan götürdüyü öhdəlikləri pozmuş oldu. Hazırda Ali Məhkəmə prosesini müzakirə edirik. İşə mahiyyəti üzrə baxılması ilə bağlı biz artıq Avropa Məhkəməsinə müraciət etmişik. Müzakirə edirik ki, hazırkı zamanda Ali Məhkəməyə müraciətimiz nə dərəcədə uyğundur. Keçən dəfə noyabr ayında şikayət verdik, ləngidilmə yolu ilə baxıldı. Sadəcə, İlqar Məmmədov Ağdaşdan namizədliyini bəyan etdikdən sonra, həmin vaxta qədər prosesi təxirə salan Şəki Apelyasiya Məhkəməsi qəflətən 22 aprelə proses təyin etdi. Vaxtları yox idi ki, məhkəmə barədə bizə bildirişlər göndərsinlər, telefonla xəbər verdilər. Buna baxmayaraq, məhkəməyə getdik. Görünür, məqsəd başqa olub. Bu tələm-tələsik qərardan göründü. Nəticədə İ.Məmmədov və Tofiq Yaqublu barədə məhkəmə qərarı qüvvəyə mindi və bununla İlqar bəy deputatlığa namizəd ola bilməzdi. Belə bir vəziyyətdə növbəti dəfə Ali Məhkəməyə müraciətimiz müzakirə obyektidir”.
REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova son durumdan danışdı: “Xədicə xanım barədə qərara çox sevindik. İlqar da bu qərarı gözləyirdi. Çox müsbət haldır. İlqar hazırda 2 saylı cəzaçəkmə müəssisəsindədir. Mayın 22-də onunla görüşdüm. Əhvalı yaxşıdır. Lakin 3-4 gündür evə zəng vurmur. Bundan çox narahatam. İlqar azad etmək üçün son şans Ali Məhkəmədir. Vəkillər müraciəti müzakirə edirlər. Burada da azad edilməsə, ümid qalır Avropa Məhkəməsinə”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Məmmədov barədə hakimiyyətin dirənişini belə izah etdi: “Hər bir ölkənin daxili və xarici siyasəti var. Kiçik dövlət olsaq da, siyasi maraqlarımız var. Dövlət də bu maraqlara uyğun strategiyasını qurur. İlqar Məmmədova gəlincə, o siyasətçidir. Sıradan bir şəxs deyil. Onu ağıllı siyasətçi sayıram. Bu mənim baxışımdır. Kimsə əksini saya bilər. Əvvəllər İlqarın arxasında sosial baza az idi. Amma nədənsə hakimiyyət daxilində sanki gözəgörünməyən qüvvə var və həmin qüvvə daha çox cəhd edir ki, İlqarın nüfuzu artsın. İ.Məmmədov çox ağıllı hərəkət edir. Heç bir şərti qəbul etmir, yəqin ki etməyəcək də. O, elə bir siyasətçi kimi həbsdən çıxacaq ki, sosial bazası daha çox olacaq. Bütün bunlara baxmayaraq, hökumətin tezliklə İlqarı da azad edəcəyini düşünürəm. Arzu edərdim ki, beynəlxalq təşkilatlar siyasi məhbuslardan daha çox, ədalətli məhkəmə olmasını tələb etsinlər. Bunun tələb olaraq qalmasını istərdim”.