İlqar Məmmədov aprelin 22-də həbsdən azad oluna bilər

Real Vətəndaş Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov aprelin 22-də həbsdən azad oluna bilər. Şəki Apelyasiya Məhkəməsi qəfildən İlqar Məmmədovun şikayəti üzrə məhkəmə prosesini aprelin 22-nə təyin edib. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.images

Qeyd edək ki,  Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə – aprelin 19-da qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən “Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq,  2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll olunması istiqamətində mən Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm”, –deyə bildirmişdi.

Bundan əvvəl Pedro Aqramunt həmçinin həbsxanada İlqar Məmmədovla görüşmüşdü.

İlqar Məmmədovun Appelyasiya şikayətinə baxılması qeyri-müəyyən vaxta təxirə salınmışdı. İndi qəfildən məhkəmənin təyin olunması və müdafiə tərəfinə proses barədə məlumatın rəsmi bildirişlə yox, təcili surətdə mobil telefonla çatdırılması İlqar Məmmədovun məhkəmə zalından azad olunacağı haqqında ehtimalı gücləndirib.

Qeyd edək ki, İlqar Məmmədovun məhkəmə işi ilə Müsavat başqanının müavini Tofiq Yaqublunun işi paralel aparılıb. Aprelin 22-də Tofiq Yaqublunun şikayəti üzrə də məhkəmə prosesi keçiriləcək. Bu gün Şəki Apelyasiya Məhkəmisindən Tofiq Yaqubluya da zəng vuraraq, onu prosesə dəvət ediblər.