Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində deyib ki, 10 noyabr bəyanatında Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması “aydın qeyd olunsa da”, bu əlaqə qurulmayıb.
İlham Əliyev deyib ki, Zəngəzur dəhlizi ilə bağlı “danışıqlar nəticəsiz qalır”.
“Bu əlaqəni qurmaq üçün o qədər də böyük vaxta ehtiyac yoxdur. Burada yolun ümumi uzunluğu 40 kilometrdir. Biz müharibədən sonra bir ildə min kilometrdən çox yol tikmişik, həm torpaq yollar, həm də asfalt yollar. İndi orada 40 kilometrlik yolun açılması böyük bir problem deyil. Amma buna baxmayaraq, Ermənistan buna razılıq vermir. Danışıqlar nəticəsiz qalır. Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur. Hələ ki, səbr edirik. Ehtiyatla hərəkət edirik. Amma bizim səbrimizin də həddi var. İkinci Qarabağ müharibəsi səbrimiz tükənəndə nələrin baş verdiyini göstərdi. Buna görə də Ermənistan rəhbərliyinə 10 noyabr bəyanatının bütün şərtlərini yerinə yetirməsi və məsuliyyətli davranması üçün bir şans veririk”.
Ötən il sentyabrın 27-də Ermənistan-Azərbaycan arasında baş verən və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb. Həmin bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsə nəzarət etmək üçün Qarabağa yerləşdirilib.
Prezident Rusiya sülhməramlılarından niyə narazıdır?
İlham Əliyev deyib ki, Rusiya sülhməramlılarının fəaliyyətini müsbət dəyərləndirsə də, narazı qaldığı və şikayətlərin olduğu mövzular da var.
Onun sözlərinə görə, bunlardan ən birincisi xarici ölkə vətəndaşlarının Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlıdır.
“Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim torpağımızdır. Bizim icazəmiz olmadan heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu ərazilərə girə bilməz. Bizdən icazə alınmalıdır. Deyə bilərəm ki, bu, hələ ki, tam, yüz faiz səviyyəsində həll olunmayıb, ancaq xarici vətəndaşların Qarabağa qanunsuz səfəri çox nadir haldır”.
Prezident əlavə edib ki, Azərbaycanın siyasəti və təkidi nəticəsində bu proses artıq başa çatmaq üzrədir.
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-də digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdı.
Məktubda bu kimi halların üçtərəfli bəyanata zidd olduğu və qarşısının alınması xahiş olunub.
İran maşınları “Azərbaycanı aldatmağa çalışıb”
İlham Əliyev deyib ki, İrana məxsus yük maşınlarının Qarabağa qanunsuz girməsi ilk dəfə baş tutmur.
O vurğulayıb ki, Azərbaycanın bu haqda indiki dəqiqlikdə olmasa da, əvvəllər də məlumatı olub və bu barədə narazılığını müxtəlif kanallarla İrana çatdırıb.
Cənab Əliyev qeyd edib ki, müharibədən sonra Azərbaycanın Laçın dəhlizi, Xankəndinə gedən yol, Şuşa ətrafı və digər bölgələrə kamera, peyk, dronlarla nəzarət imkanı var və bu vasitələrlə İrana məxsus yük maşınlarının müharibədən sonra da Qarabağa səfər etdiyi müəyyənləşib.
“Belə olan halda mən Prezident Administrasiyasının işçilərinə İranın Azərbaycandakı səfiri ilə danışmağı tapşırdım. Biz bunu rəsmi etmək istəmirik. Dostca danışsınlar və buna son qoyulmalı olduğunu desinlər. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır”.
İlham Əliyev deyib ki, bu ilin iyul ayında verdiyi bu göstərişdən sonra İrana məxsus yük maşınlarına Ermənistan qeydiyyat nişanı yapışdırmaqla “Azərbaycanı aldatmağa çalışıblar”.
Onun sözlərinə görə, bu vəziyyət davam etdiyi üçün bir ay sonra İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona rəsmi nota verilib.
Prezident bildirib ki, İrana iki xəbərdarlıqdan sonra Azərbaycan öz ərazisinə keçən yola nəzarət etməyə başlayıb və bununla Qarabağa gedən yük maşınlarının sayı sıfıra enib.
“Baxın, bura gətirib çıxarmaq lazım idi? Orada, Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə ümumilikdə 25 min insan yaşayır. Bu bazar bu qədər önəmlidirmi? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə açıq şəkildə hörmətsizlik göstərəcək qədər vacibdirmi?
Təbii ki, biz beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkanlardan istifadə etmişik. Bəziləri deyir ki, biz yalnız İran avtomobillərindən gömrük rüsumu yığırıq. Biz indi xarici ölkəyə gedəndə gömrük rüsumu ödəyirikmi? Ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirlərsə, vergi ödəməlidirlər”.
Sentyabrın 12-dən bəri Azərbaycan Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan Eyvazlı yaşayış məntəqəsində İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb, eləcə də Xankəndiyə yük daşıyan iki iranlı sürücü saxlanıb.
Azərbaycan onların ölkə ərazisinə qanunsuz daxil olduqlarını bildirib.
İran niyə sərhəddə təlimlər keçir?
İlham Əliyev İran hərbçilərinin Azərbaycanla sərhəddə təlim keçməsi ilə bağlı suallara cavab verərkən deyib ki, bu, “çox təəccüblü” hadisədir, çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş verməyib.
Prezident vurğulayır ki, hər bir ölkənin öz torpaqlarında istədiyi hərbi təlimləri keçirmək onun “suveren haqqıdır”, lakin o, bu təlimlərin “niyə indi və niyə Azərbaycan sərhədində” baş tutmasını sual edir:
“Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı bütün dünyadakı azərbaycanlılar verir. İşğal dövründə o bölgədə niyə heç bir təlim keçirilmədiyi də sual olunur. Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən heç bir təlim keçirilmirdi? Niyə bu biz bu torpaqları azad edib 30 illik əsarət və işğala son qoyandan sonra edilir? Bu suallar qanuni suallardır.
Təbii ki, bölgədəki uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir şeyin olmasını istəmirik. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Ümid edirəm ki, qanuni addımlarımıza olan emosional reaksiyalar müvəqqətidir”.
İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanla münasibətlərin normallaşmağa başlaması üçün şərtlərdən biridir.
O sual edir ki, Ermənistan bu öhdəliyi yerinə yetirməzsə, “hansı normallaşma baş verə bilər”?
Prezident vurğulayıb ki, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmağı istəməli, bu iki ölkə ilə “sərhədlərini müəyyənləşdirməlidir”.
Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın əvvəlində bəyan edib ki, Yerevan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır.
İlham Əliyev bir müddət öncə Azərbaycan-Ermənistan sərhədlərində baş verən gərginliyə də münasibət bildirib:
“Əgər Ermənistan sərhədin oradan keçdiyini deyirsə, niyə orada heç kim yox idi? Ora sərhəddirsə, gəl, sərhədi qoru. Biz gəlib o dağlara yerləşdik və bizim xəritələrimizə görə öz torpaqlarımızda məskunlaşdıq. Ermənistan başqa cür düşünürsə, gəlsin, otursun, müzakirə edək, danışıqlar aparaq. Bir il çəkər, 5 il, 30 il çəkər, kim bilir.
Yenə bu mövzuya qayıdıram, Ermənistan bu gün sərhədlərlə bağlı reallığı anlamalıdır. Tezliklə şərtlərimizi qəbul edib bu məsələni həll etməlidir ki, hər kəs sərhədinin harada olduğunu bilsin”.
Ermənistan Azərbaycanı Sevliç (Qaragöl) ərazisində may ayında dövlət sərhədini keçib 3,5 kilometr ölkə ərazisinin içərisinə daxil olmaqda ittiham edir.
Azərbaycan isə bildirir ki, hava şəraitinin yaxşılaşması ilə bağlı ordu ‘ölkəyə aid mövqelərdə’ yerləşdirilir.
İlham Əliyev Anadolu Agentliyinin saytında çap edilmiş müsahibəsində həmçinin Minsk qrupunun fəaliyyəti, Ermənistan-Türkiyə münasibətləri və digər məsələlərdən danışıb.