Neft gəlirlərinin istifadəsində ciddi problemlərin olduğunu və qeyri-neft sektorunda yaradılan müəssisələrin neft gəlirlərindən pay alan oliqarxların nəzarətində işlədiyini qeyd edirdik. Son illər formalaşan media strukturları və idman sahələri də həmin oliqarx məmurlar tərəfindın himayə olunurdu.
Azərbaycanda belə bir formal inkişafın uzunmüddətli olacağını düşünmək sadəlövhlük idi. Çünki, dayanıqlı inkişaf mütləq şəkildə rəqabətli mühitin formalaşmasından asılıdır. Qeyri-neft sektoru əsaslı və dəqiq rəqəmlərlə inkişaf etməliydi ki, neft gəlirlərinin azaldığı dövrdə ölkə dayanıqlı inkişafa malik olsun. Neft pullarının azalması və bölüşdürülməsindəki ədalətsizlik sonda bəzi oliqarxların gəlirlərinin azalmasına səbəb oldu.
Azərbaycanda keçirilən mənasız və lisenziyasız idman yarışları hakimiyyətin ən böyük bağışlanmaz səhvlərindən biri idi. Hökumətin özünün yaydığı hesabatda göstərilir ki, son beş ildə idman yarışlarına 9 milyard dollardan çox vəsair ayırıb. Lakin bu qədər vəsaiti bir qəpik də xeyir gətirməyib. Qeyd edim ki, hətta hərbi də daxil olmaqla heç bir sahəyə bu qədər vəsait ayrılmayıb. Eurovision -2012, Formula -1 və IV İslam Oyunlarına heç bir ölkə Azərbaycan qədər vəsait ayırmayıb. Bu yarışmaların heç biri dövlət büdcəsinə bir qəpik də xeyir gətirməyib. Hakimiyyət iddia edirdi ki, bu yarışmalar ölkənin təbliği üçündür, lakin xüsusən I Avropa Oyunları -2015 keçiriləndən sonra Avropa ölkələrinin Azərbaycan hakimiyyətinə qarşı düşüncəsi mənfiyə doğru dəyişdi. Yəni hakimiyyətin yanlış siyasəti iflasa uğradı.
Amma bu yarışlara ayrılan vəsait hesabına azı 10 zavod tikmək olardı ki, bu da ölkədə həm itqidasi inkişafı təmin edərdi, həm də işsizliyi azaldardı. İlham Əliyevi bəzi rayonlarda zavod açılışlarında özünə xüsusi poza vermiş halda müşahidə etmişik. İlham Əliyev velosiped zavodu açacaq qədər bacarıqsız ölkə başçısıdır. Açılışında ölkə iqtisadiyyatının inkişafından dən vuran zavod iki gün işləmədi. İndi həmin zavodun binasında siçovullar at oynadır.
Azərbaycan 1997-ci ildən Dünya Ticarət Təşkilatına üzv olmaq üçün müraciət edib, ancaq indiyə qədər də hökumətin rəqabətli mühitin yaradılmasında tam maraqlı olmaması səbəbindən üzvlük ləngiyir. Bunu yerli istehsalın gücləndirilməsi üçün atılan addım hesab edirlər.
Hakimiyyətin siyasi iradəsizliyi genişləndikcə, korrupsiya artacaq və sosial böhran dərinləşəcək.
İlham Həsənov
“Söz Haqqı” Demokratiya Mərkəzinin sədri