Azərbaycanın dövlət başçısı İlham Əliyev növbəti prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyəti olmadığını deyib. O, Rusiyanın “Sputnik”agentliyinə müsahibəsində növbəti dəfə prezidentliyə namizədliyini verib-verməyəcəyinə də toxunub:
“Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər, bu gün olduğu kimi, xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.
Bu o deməkdirmi ki, növbəti seçkilərdə hakim partiya seçkilərə başqa namizədlə qatılacaq?
Siyasi şərhçi Azər Rəşidoğlunun fikiri maraqlıdır: prezident seçkilərlə bağlı suala birmənalı cavab verməyib. O, durumun dəyişəcəyi halda, erkən prezident seçkilərinin keçirilmə ehtimalının hələ də gündəmdə olduğunu düşünür.
O ki qaldı, prezidentin seçkilərdə iştirak edib-etməyəcəyi haqda dediklərinə, Azər Rəşidoğlu belə nəticəyə gəlir ki, “artıq birinci vitse-prezidentin kimliyi” bəllidir: “Erkən seçkilər keçirilməsə, növbəti prezident seçkisində məhz birinci vitse-prezident prezidentliyə namizəd olacaq. İlham Əliyevsə növbəti mərhələ üçün ölkənin birinci vitse-prezidenti postu ilə kifayətlənəcək. Bir sözlə, Azərbaycanda Rusiya modeli – Putin-Medvedev modelinin tətbiqi qaçılmaz görünür”.
Bunu qaçılmaz edən nədir? Siyasi şərhçinin sözlərinə görə, İlham Əliyevin ard-arda prezident seçilməsi Qərb və Rusiya dairələrini qane etmir. Bu baxımdan, indiki dövlət başçısına yaxın çevrədən bir nəfərin prezidentliyə namizədliyi irəli sürülə bilər.
“Həmin müsahibədə ölkə rəhbəri açıq-aşkar Rusiyaya doğru jestlər edib. Eyni zamanda, Avrasiya İqtisadi Birliyinə daxil olmaqla bağlı Bakının yumşaldığını göstərib. İstisna deyil ki, Qərbin buna cavabı kəskin, sərt ola bilər. Bu da növbəti günlərdə status-kvonun dəyişməsinə səbəb ola, ölkədə yeni parlament və ya prezident seçkilərinin vaxtının təyin edilməsini sürətləndirə bilər”, – Rəşidoğlu bildirir.