İlham Əliyev Cahangir Hacıyevin pullarını axtarır

Diplomatiyamız bir neçə ildir ki, bu istiqamətdə səfərbər edilib
«Cahangir Hacıyevin pulları» adlı bir fenomen meydana gəlib. Hökumt qollarını çirmələyib işə girişib ki, həmin pulları geri qaytarsın, təbii ki, Cahangir Hacıyev var gücünü işə salıb həmin pulların Azərbaycana gətirilməməsi üçün çalışır, Azərbaycanın və Amerikanın siyasi- diplomatik çevrələrində isə çoxlu sayda lubbi əzabkeşləri hamin piroqdan pay qoparmaq üçün fəaliyyətə başlayıblar. Cahangir Hacıyevin harada nə qədər pulu olduğunu İlham Əliyev yaxşı bilir. Əgər həmin pulların hamısına zamanında əl qoya bilsə, yəqin ki, heç, C. Hacıyevə 17 il iş verməzdilər. 17 il həbs həmin qəzəbin hökmüdür. «Cahangir Hacıyevin pulları»nın cüzi bir qismi əlindən alınıb, böyük bir qismi isə tədricən, təhlükəsiz yerə daşınıb. Bunların nə zaman baş verdiyini də araşdırmaq olar, amma indi ortalıqda bir sənəd var və həmin sənədi şərh edirik…Bu sənəd Azərbaycanın ABŞ-dakı səfirliyindən şəxsən prezident İlham Əliyevə göndərilib. Bir məktubun mətnindəki «diri faktlar» «Bu yaxınlarda (söhbət 2016- cı ilin son aylarından gedir) Toni Podesta respublikaçılara yaxınlığı ilə seçilən BGR lobbi şirkətinin sahiblərindən biri olan Ed Rocerslə görüşüb. Podesta qrupu ilə BGR qrupunun Səudiyyə Ərəbistanı və Hindistanı əhatə edən ortaq layihələri vardır. Söhbət zamanı Rocers təsdiq edib ki, J.H. onların müştərisidr. O, həmçinin deyib ki, BGR bir neçə dəfə çalışıb ki, Konqressdə J.H-in məsələsini qaldırsınlar, bu proseslərdə senator Rocer Uiker xüsusi həssaslığı və prosesə sədaqəti ilə fərqlənib. Rocer anladığını bildirib ki, bu, siyasi iş deyil, maliyyə söhbətidir və buna görə də bu məsələni tezliklə həll etməyə iddialıdır…. Söhbətin gedişində o da bəlli olub ki, senator Wicker və BGR lobbi qrupu bu yaxınlarda Bakıya «ən yüksək səviyyədə» adlandırdıqları birisini göndərmək istəyirlər. Onlar əvvəlcə Amerikanın NATO-da səfiri olmuş, indi isə Makkeyn İnstitutunda işləyən Kurt Folkerlə anlaşmaq istəyiblər. Daha sonra əvəllər Bakıda səfir olmuş Riçard Morninqstarla söhbət ediblər. Amma onların hər ikisi vasitəçi olmaqdan imtina ediblər. Sonra BGR qrupu Amerikanın Almaniyada səfiri və dövlət katibinin müavini vəzfələrində işləmiş səfir Riçard Bertlə söhbət ediblər. Riçard Bert Bakıya getməyə razılaşıb. Riçard Bert Rusiya ilə işgüzar münasibətləri ilə tanınır və bəzi söhbətlərə görə Trampın şirkəti ilə də yaxındır. Bir müddət bundan əvvəl Riçard Bert «Nord Strim»in lobbisi ilə uğraşırdı və buna görə onu hətta «Qazpromun adamı» da adlandırırdılar.
Prosesin görünüşündən isə belə ehtimal etmək olar ki, konqresmenlərin əksəriyyəti J.H.nin işi ilə maraqlı deyillər. İndi bu məsələdə ən israrlı görünənlərdən biri Rocer Uiker də sona qədər israrlı olmaya bilər, çünki o Kristofer Smitin yerinə ABŞ Konqresində Helsinsk Komissiyasının sədri postuna iddialıdır. Biz Podestanın respublikaçı kolleqalarından birinin Rocer Uikerlə söhbətini planlaşdırırıq. Bir qədər əvvəl Azay Quliyev Uikerlə ilə söhbət edib, amma o israr edir ki, Riçard Bert Bakıya gedərək orada rəsmi görüşlər keçirsin. Bir müddət əvvəl Sununu da Rocerlə danışıb. Hal- hazırda isə bizim Uikerə çıxış imkanlarımız yoxdur, əvvəllər onun dostları ilə belə münasibətlərimiz vardı. Bizim buradakı dostlarımızdan bəziləri belə təklif edirlər ki, Bakıda ABŞ səfirliyində bizim hüquq mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinin biri və Federal Təhqiqatlar bürosunun nümayəndəsi ilə birlikdə mətbuat konfransı keçirilsin. Konfransdan məqsəd J.H.nin ABŞ-dakı aktivlərinin Azərbaycana qaytarılması ideyasını səsləndirməkdir və bu, J.H.-nin işi ilə bağlı Amerika lobbisinin fəaliyyətini bloklamaq üçün yaxşı vasitədir».
Bu mətndə söhbət nədən gedir?
Bəlkə də bir çoxları detalları başa düşməkdə çıətinlik çəkdilər. Bu, əlbəttə, ola bilər və buna görə də mən sizə bu texti anlamaqda yardım edəcəyəm. Açar söz «J.H.» abbreviaturasıdır. Bu isə «Cahangir Hacıyev» deməkdir. Bu diplomatik depeşanın bizə qəsdən sızdırıldığını iddia etməmək mümkün deyil. Söhbət kəsə olaraq ondan gedir ki, Amerikadakı iki lobbi qrupu Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin işi üzrə proses başlayıblar. Onlar Cahangir Hacıyevin azadlığa buraxılması üçün Bakı ilə danışıqlar aparmaq fikrindədirlər və yəqin ki, cənab Hacıyevin adamları Amerikada oturub bu prosesi təşkil edirlər. Azərbaycan hökuməti isə Hacıyevin işi epizodu üzrə lobbi qrupları ilə və yəqin ki, həm də Hacıyevin özü ilə alverə girmək fürsəti əldə ediblər. Şübhəsiz bu məktubun surəti mənə ona görə çatdırılıb ki, biz onu üzə çıxaraq. Hökumət işbazları belə hesab edirlər ki, bu məktubu elan etməklə biz Cahangir Hacıyevin cəsədi üzərində alver prosesində hökumətin arqumentlərini tündləşdirmiş olacağıq. Hətta məktubda Azay Quliyevin da adını hallandırmaqla öz tərəflərindən də birisini yanığa verirlər. Amma bərpa olunacaq səviyyədə yanığa. Şəxsən mənə az fərq eləyir, Cahangir Hacıyevin azadlığı ona və ya İlham Əliyevə neçəyə başa gələcək. Prosesdən mənim gəldiyim nəticə budur ki, Amerikada Cahangir Hacıyevə məxsus olan külli miqdarda pul var, hökumət, konkret olaraq İlham Əliyev həmin pulları ələ keçirmək istəyir, əlbəttə, siz də ehtimal edə bilərsiz ki, dövlətçilik naminə…. Eyni zamanda lobbi qrupları da Amerikada qərarlaşmış maliyyə ehtiyatlarının azad edilməsi üçün çalışmaqla ağıllı iş görürlər. Pul varsa, dövriyyədə olmalıdır.
Ötən ilin «büdcə kəsiri» kimi
Məktubun tarixi bir xeyli əvvəlki müddətə qoyulub. Hər halda ötən ilin oktyabrından gec deyil. Bu müddət ərzində bəzi şeylər dəyişdi. Amerikada hakimiyyətə respublikaçıların anlaşılmaz namizədi gəldi. Onun çevrəsində kimlərin olduğu bilinmir. Amerika elitası hələ Trampı tanımır, Tarmp da Amerika elitasını. Podesta qrupu demokratlara yaxın idi. Tramp Rusiya ilə münasibətlərinin zibilinə düşüb və çevrəsindəki rus yanlılarından da uzaq dayanmağa çalışır. Bu müddət ərzində Bakıya gəlmək öhdəliyini üzərinə almış senator Riçard Bərt də Bakıya gəlmədi. Belə bir rəsmi xəbər yayılmadı. Ötən müddət ərzində rəsmi xəbərlərin arasında bu adamın Bakıya gəldiyini təsdiq edən xəbər yayılmadı.
Kim kimə atır?
Belə görünür ki, ya Amerikan lobbi qrupları da Cahangir Hacıyevə atıblar, ya da stavkaları dəyişiblər. Ağlıma başqa bir variant da gəlir. Bu variant da bundan ibarətdir ki,bizim hakimiyyətin işbazları Amerikada Cahangir Hacıyevin işini götürən lobbisçilərlə anlaşıb Hacıyevin pullarını bölmək üçün sxemlər qururlar…. Məşhur sualda deyildiyi kimi: «Niyə də olmasın?». Cahangir Hacıyev həbsxanada, biriləri hakimiyyətdə və ciddi pul böhranında, o birilər də Amerikada… Üstəlik, məndə məlumata bənzəyən bir versiya da var ki, bu söhbət həqiqətə çox yaxındır. Hər halda, yaxın bir neçə ayda bu söhbətin də detalları üzə çıxacaq…. Yəni, saziş imzalayan lobbiçilər Cahangir Hacıyevə atıblar, ya yox… Cahangir Hacıyevin isə hələlik onlara atmadığını bilirəm, zira o, indi atacaq bir durumda da deyil…..
«Azərbaycan Saatı»