Azərbaycanda manat davamlı dəyərdən düşsə də, ərzaq, kommunal xidmətlər bahalaşsa da, Milli Bankın və Neft Fondunun ehtiyatları kəskin azalsa da, prezident İlham Əliyevin çıxışları tez-tez ümidvericiliyi və pozitivliyi ilə fərqlənir:
“Bu gün Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanmır. İqtisadi inkişaf davam edir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, bu problemlərin öhdəsindən şərəflə gəlirik və əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq”.
“Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır”.
Əliyevin tənqidçiləri deyirlər ki, prezident həqiqətləri təhrif edir, çünki ÜDM dörd faiz azalıbsa, inflyasiya ikirəqəmlidirsə, manat ucuzlaşırsa, bu, iqtisadi sabitlik deyil.
“O, həmişə belə olub”
“Turan” agentliyinin direktoru Mehman Əliyev deyir ki, pozitiv danışmaq və ümid vermək İlham Əliyevin tərzidir. O, həmişə belə olub:
“Bir xarici diplomat mənə deyir ki, o sinədən danışır, hər şeyi ətraflı bilir. Amma bir neçə ildən sonra anladım ki, o, eyni şeyləri danışır. Bəli, İlham Əliyev 15 ildir ki, eyni şeyləri deyir. Bəzi dəyişiklik edir, amma mahiyyət dəyişmir. Azərbaycanın isə bu çıxışlar nəticəsində hansı vəziyyətə gəlib düşməsi göz qabağındadır, reallıqdır”.
Mehman Əliyev deyir ki, avtoritar rəhbərlərin həqiqətləri gizlətmək xüsusiyyəti var, onlar demokratik liderlərdən daha az səmimi olurlar, amma onun fikrincə, belə çıxışlarla nə daxildə, nə də xaricdə auditoriyanı deyilənlərə inandırmaq olmur:
“Əlbəttə ki, özü deyir, özü də eşidir. Bəlkə özü də bəlkə də inanmaq istəyir. Amma beynəlxalq qurumların, Azərbaycanla maraqlanan auditoriyanın ölkə haqqında kifayət qədər məlumatı var və vəziyyəti yaxşı bilirlər. Heç kimi aldatmaq mümkün deyil. Bu tipli bəyanatlarla Azərbaycana investisiya gətirmək mümkün olmayacaq” (azadliq.org).