“İndi biz oturduğumuz yerdə vaxt gələr, təyinatlı hakimlər də oturar.”

Nardaran-isi-768x432

«Bizə «bandotdel»də elə işgəncələr veriblər ki… Oradakılar elə hərəkətlər eləyirlər ki, inanmıram, evlərinə gedəndə onlardan nə iş gördüklərini soruşan olsa, öz əməllərini danışa bilsinlər», – ilahiyyatçı Elman Ağayev noyabrın 13-də məhkəmədə son sözündə belə deyib.

«İllərlə adamların başına oyunlar açan, evlər yıxan Akif Çovdarova 15 il iş istəmişdilər. Bizə də heç bir günahımız olmadığı halda, 15-16 il cəza istənilir. Ortada da yalan ifadələrdən başqa heç nə yoxdur».

E.Ağayev çıxışının sonunda hakimlərə səslənərək, bəraət hökmü çıxarılmasını istəyib:

«Siz hakim kimi and içmisiniz, tərəf olmamalı, ədalətli qərar çıxarmalısınız. Dünya elədir ki, hər şey dəyişə bilər. İndi biz oturduğumuz yerdə necə prokurorlar, nazirlər oturub. Vaxt gələr, təyinatlı hakimlər də oturar. Təsəvvür edin, Hacı Zülfüqar (onunla birlikdə mühakimə olunan ilahiyyatçı Zülfüqar Mikayılovu nəzərdə tutur-red.) sizin əyləşdiyiniz yerdə oturub, siz isə bizim indi olduğumuz yerdəsiz. Bunu gözünüzün önünə gətirin…».

Məhkəmə noyabrın 27-də qalan iki təqsirləndirilən şəxsin son sözü ilə davam edəcək.