Q.Həsənquliyev H.Abutalıbovla Yazıçılar Birliyinin rəhbərliyi arasında gedən söz davasına da reaksiya verib: “Bizim hörmətli yazıçılara münasibətdə isə abırlı olmaq lazım idi. Çünki onlar ən azından iqtidara ciddi dəstək verən insanlardır. Bilirsiniz, AXC iqtidarının süquta uğramasının əsas səbəblərindən biri də o oldu ki, dedilər Akademiya bağlanmalıdır, universitet müəllimlərinin maaşlarını kifayət qədər qaldırmadan test imtahanları tətbiq olundu və ziyalıların böyük qismi iqtidarın əleyhinə kampaniya aparmağa başladı. Ən ağır qanun pozuntusu şəxsiyyət əleyhinə cinayətdir, xüsusilə də insanın qətlə yetirilməsi. Hətta adam öldürəni də məhkəmə qaydasında cəzalandırırlar, sivil ölkədə gedib onu linç eləmirlər ki. Yaxud məsələn, ”o, sənin atının gözünü çıxarıb, sən də get onun atının gözünü çıxar” formasında məsələlər həll olunmur. Əgər hesab olunubsa ki, yazıçılar tərəfindən də hansısa yanlışlıqlar olub, bu, onların diqqətinə çatdırıla bilərdi, onların üstünə bu formada getmək lazım deyildi”.
Deputat bildirib ki, cəza tətbiqi üçün məhkəmə var: “Yoxsa o formada maşınla camaatın əmlakını daşıyıb-aparmaq… Bir müddət öncə Milli Məclisdə mən çıxışımda da demişdim, bir sahibkarın hotelini vurub uçurmuşdular, hətta içəridəki avadanlıqlar çıxarılmamışdı. Yəni bu cür hadisələr bütünlüklə ona gətirib çıxarır ki, insanlar Azərbaycana investisiya yatırmaqdan qorxurlar. Qorxurlar ki, məhkəmənin qəbul etməli olduğu qərarı məmur qəbul edəcək. İstənilən vaxt durub məhkəmə qərarı olmadan deyəcək ki, ”sənin əmlakını mən uçurduram”, yaxud götürüb gedirəm. Buna görə də Azərbaycanın özündə investisiya qoyuluşuna ehtiyac olduğu halda, azərbaycanlılar görun, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyəyə nə qədər investisiya yatırırlar. Hətta bəzi insanlar burada qazandıqları pulu da başqa ölkələrə investisiya kimi yatırır, burada biznesi genişləndirmirlər. Bunun səbəbi də insanlarda mülkiyyətin toxunulmazlığı ilə bağlı qorxunun olmasıdır”.
Deputat belə halların aradan qaldırılması üçün atılmalı addımlar barədə də danışıb: “Məhkəmə hakimiyyəti gücləndirilməlidir. Bu sahədə də mütləq islahatlar aparılmalıdır. Yəni Azərbaycana investisiya qoyan hər bir yerli və xarici sahibkar bilməlidir ki, onun əmlakı ciddi şəkildə qorunur və ona qarşı hər hansı qəsdin qarşısı məhkəmə qaydasında alınacaq. Özü də o cür qızların oynaması Bakıdakı əksər gecə barlarında var. Yaxud qəlyan elanı əksər kafelərdə var. Əgər bunun qarşısını almaq lazımdırsa, bu da qanunvericilik qaydasında tənzimlənməlidir. Sahibkar istəsə, o qəlyanı təkcə qızlar üçün yox, hamı üçün pulsuz elan edə bilər. Bu, Azərbaycan mənəviyyatına ziddir deyə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır? Bizim qanunlar hansısa qadına qəlyan çəkməyi qadağan edirmi? İndi insanlar başlayacaq ki, Qüdrət Həsənquliyev deyir, bəs qadınlara pulsuz qəlyan verilməlidir. Mən ona görə deyirəm ki, demokratik cəmiyyətin insanını yaratmaq lazımdır ki, onlar sabah o formada üstümüzə gəlməsinlər”.