“Hüquq Dünyası” Şuranın dəstəyilə uşaq hüquqları ilə bağlı seminarları başa çatdırdı

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsi çərçivəsində Bakı şəhərinin 12 orta məktəbində seminarları başa çatdırıb.
 
Xəbərnamə.info-nın məlumatına görə, seminarlarda 700 uşağın iştirakı nəzərdə tutulsada 800-ə yaxın uşaq iştirak edib. 
 
Seminarlar Bakı şəhərinin 83, 100, 102, 111, 5, 19, 21, 39, 45, 18, 173, 158  saylı orta məktəblərində keçirilib. 
 
Seminarları açılış sözü ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri və layihənin rəhbəri Nazir Quliyev açaraq layihə haqqında iştirakçılara geniş məlumat verib, layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəkləndiyini bildirib. 
 
Nazir Quliyev qeyd edib ki, layihənin əsas məqsədi məktəb uşaq birliklərinin və psixoloqların rolunu artırılmaqla uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dəstək   göstərilməsi işini gücləndirməkdir.
 
Seminarlarda Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, əməkdaşlar Anara Xəlilova və İlahə Əfqanlı iştirak ediblər və uşaq hüquqlarının təbliğində, müdafiəsində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlərlə bağlı iştirakçıları məlumatlandırıblar. Eyni zamanda Ombudsmanın 916 Qaynar Xətt Xidməti ilə bağlı uşaqlara geniş məlumat veriblər. 
 
Seminarlarda çıxış edən məktəb direktorları, məktəb psixoloqları və məktəb uşaq birliklərinin rəhbərləri məktəbdə uşaqların hüquqi maarifləndirilməsi, onların hüquqlarının müdafiəsi və müraciət etmə mexanizmləri ilə bağlı öz təcrübələrini bölüşüblər. 
 
Daha sonra layihə komandasının və ekspertlərin iştirakı ilə mövzu üzrə müzakirələr keçirilib, uşaq hüquqları ilə bağlı beynəlxalq və milli sənədlər, uşaq hüquqlarının pozulması formaları, onların müdafiəsi, uşaqlara qarşı zorakılıq, uşaqların müraciət etmə mexanizmi və digər mövzularda müzakirələr keçirilib və   uşaqların sualları cavablandırılıb. Uşaqlar mövzu ilə bağlı qrup müzakirələri keçiriblər və təqdimatlar ediblər.
 
Seminarlarda fəal iştirak edən uşaqlar təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Hüquqları Mərkəzində iştiraka seçiliblər. İyun ayında Bakı şəhərinin orta məktəblərinin seçilmiş uşaqlarının görüşü keçiriləcək. 
Eyni zamanda seminarlarda hər bir orta məktəbin uşaq birliyinin rəhbərləri və psixoloqları seçilib və iyun ayının əvvəlində onlar üçün 3 günlük təlim keçiriləcək. 
 
Təlimdə uşaq hüquqları ilə bağlı milli və beynəlxalq qanunvericilik, uşaqların hüquqlarının qorunması yolları, uşaqların zorakılıqdan müdafiəsi, zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyası və onların valideynləri ilə iş məsələləri geniş müzakirə ediləcək. Təlimdə Uşaq Birliklərinin Strateji İnkişaf Planı Sənədi müzakirə olunacaq. Həmçinin Psixoloji Xidmət haqqında Qanunda nəzərdə tutulmalı məsələlər və hazırlanmış təkliflər müzakirə ediləcək.  
Layihə psixoloqunun və məktəb psixoloqlarının  iştirakı ilə məktəblərdə uşaqlar üçün psixoloji qəbul günləri təşkil ediləcək və uşaqların fərdi qəbulu həyata keçiriləcək. Ehtiyacı olan uşaqlar üçün Fərdi İnkişaf Planı hazırlanacaq və onun icrasında layihə psixoloqu məktəb psixoloqları və uşaq birliklərinin rəhbəri ilə sıx əməkdaşlıq edəcək. Eyni zamanda valideynlərlə iş aparılacaq və uşaqların psixoloji durumunun inkişafında onlarla davamlı əməkdaşlıq ediləcək.