Hesablama palatasının dövlət büdcəsinə rəyi

hesablama-palatasi-tibb-universitetinde-yoxlama-aparir-360x2202016-cı ilin dövlət büdcəsinin layihəsində əvvəlki illərdən fərqli nəzərdə tutulan meyllər müzakirə olunub.
Azərbaycanın 2016-cı il dövlət və Sosial Müdafiə Fondunun büdcələrinə Hesablama Palatasının rəyi artıq hazırdır. Hesablama Palatasının məlumatına görə, keçirilən kollegiya iclasında «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» və “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib.
İlk olaraq dövlət büdcəsinin layihəsinin tərtibi dövründə müşahidə olunan qlobal və regional iqtisadi proseslər, təsiredici amillər barədə məlumat verilərək sistemli böhran şəraitində dünya ölkələrinin həyata keçirdikləri fiskal tədbirlər Kollegiya üzvlərinin diqqətinə çatdırılıb. Eyni zamanda, ölkənin növbəti il üçün makroiqtisadi göstəricilərinin dinamikası barədə məlumat verilib. Dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı daha ətraflı məruzə edilərək 2016-cı ilin dövlət büdcəsinin layihəsində əvvəlki illərdən fərqli nəzərdə tutulan meyllər diqqətə çatdırılıb, dövlət büdcəsinin kəsiri və dövlət borcu üzrə aparılan təhlillərin nəticələri barədə məlumat verilib.
Daha sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün gəlir və xərcləri müzakirəyə çıxarılıb. Hazırlanan rəydə ilk dəfə olaraq nəticələr və tövsiyələr ümumiləşdirilərək əks etdirilib. Kollegiya məruzələri müzakirə edərək hər iki rəyin Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilməsi ilə bağlı qərarlar qəbul edib.
Qeyd edək ki, neftin qiymətinin kəskin ucuzlaşmasının dövlət büdcəsinin göstəricilərində mənfi təsiri hiss edilməkdədir. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 14 566 milyon manat olmaqla, cari ilin büdcə proqnozu ilə müqayisədə 4.8 milyard manat və ya 25.1 faiz azalıb. Xərcləri isə 16,2 milyard manat olmaqla, 2015-ci ilin proqnoz göstəricisinə nisbətən 4.8 milyard manat və ya 22.9 faiz az icra olunacağı gözlənilir. Gələn ilin büdcə kəsirinin isə 1.6 milyard manat olması proqnozlaşdırılır.
Elgün ORUCLU