Əli Məsimli: “Sistemli islahatlar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq”
– Hazırda komandanın bir hissəsi prezidentin islahatlar paketini həyat keçirməklə məşğuldur. Bir hissəsi isə gözləmə mövqeyindədir. Bu baxımdan hazırda Nazirlər Kabinetinin fəaliyyətinin ən qüsurlu cəhəti onda deyil ki, bu kabinetə daxil olanların bir hissəsi Azərbaycan iqtisadiyyatının problemlərinin həllini günün tələbləri səviyyəsində görmürlər. Bəla ondadır ki, onların bir hissəsi hələ də Azərbaycan iqtisadiyyatının neft gəlirlərinin gəlhagəlli vaxtının nostaljisinin təsirindən çıxa bilmədiklərindən, “bəlkə də qayıtdı” hisslərinə qapılıb iqtisadiyyatımızın ciddi böhran yaşadığı dövründə də heç bir problem görmürlər. Problem görmürlərsə, həllinə də yetərli səviyyədə girişmirlər.
Bu isə ölkəni daha dərin böhranlara, sistem böhranına apara bilər. Ona görə də Nazirlər Kabinetinin bundan sonra da fəaliyyətini bu cür davam etdirməsini dövlətçiliyimiz üçün təhlükəli hesab edirik. İslahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, itkilərimizi minimuma endirməklə, yenidən sürətli inkişaf trayektoriyasına çıxa bilək. Azərbaycanın buna potensial imkanı yetərincədir. Çatışmayan yeganə məqam isə islahatçı, mobil və çevik hökumət modelinə keçidin sürətləndirilməsidi ilə bağlıdır. Vitse-prezidentlər institutunun uğurlu formalaşdırılması buna impuls verə bilər. Hazırkı dövrün problem, təhlükə və çağırışlarına adekvat cavab verə bilən, islahatçı, optimal ölçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla tətbiq etməyi bacaran, çevik hökumət modelinə keçidi sürətləndirmək lazımdır. Yalnız bu halda 2017-ci il qeyd etdiyimiz kimi, Azərbaycanda son böhran ili olacaq və iqtisadiyyatımız iqtisadi artımım keyfiyyət və səmərəlilik göstəricilərinin yüksəlməsi ilə müşayiət olunan inkişafın yeni trayektoriyasına yön alacaq.