Hökumət ötən ildən başlayaraq əlverişli iqlimi və torpağı olan rayonlarda pambıq əkinlərini genişləndirmək üçün intensiv işləyir. Gizlətməyin mənası da yoxdur ki, bir çox əyalətlərdə yerli hakimiyyətlər əhalini pambıq əkməyə məcbur edir.Haqlı sual yaranır ki, əgər gerçəkdən də əhali üçün sərfəlidirsə, insanlar bu sahədən qazanc götürə bilirsə məcburiyyətə nə lüzum? Əgər bu sahə fermer üçün qazanc gətirirsə hansı səbəbdən 2005-ci ildə ölkədə 200 min ton, 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldı?
Sonda bir vacib məqamı da deyim: bizim hökumət pambıqçılıqla bağlı yaxşı işlənmiş, hədəfləri çox dəqiq müəyyən edilmiş proqrama malik deyil. Məsələn, Türkiyə hökuməti belə proqrama malikdir və onun hədəflərinə diqqətinizi cəlb etməklə nə demək istədiyimi daha rahat izah edə bilərəm: Türkiyə fermerləri hazırda toxuculuq sənayesi üçün təxminən 900 min ton xam pambıq becərə bilir, lakin bu sənayenin illik ehtiyacı təxminən 1.8 mln. tondur. Hökumətin hədəfi budur ki, fermerlər ilk növbədə tekstil sənayesinin ehtiyaclarını tam qarşılamaq üçün 900 min ton əlavə xam pambıq istesalına nail olmalı, bundan digər sənaye sektorlarının (məsələn, yağ istehsalı məqsədilə qida sənayesinin) ehtiyaclarını da qarşılamaq üçün əlavə 500-600 min ton xam pambıq istehsal etmək gücünə malik olmalıdır. Türkiyə Milli Pambıq Şurasının hesablalamalırana görə, 1 dollar dəyərində xam pambığın dəyəri son tekstil məhsulu kimi Türkiyə ixracatı üçün 7 dollarlıq məhsul yarada bilir.
Bizdə bu cür hədəflər və hesablamalar ortaya qoyulması çox mühümdür ki, mənzərə bütün maraqlı tərəflər üçün tam aydın olsun.
Türkiyənin timsalında bir maraqlı nümunəni də deyim: ölkədə Milli Pambıq Şurası, Fermerlər və Koopretivlər Birliyi, Ziraat Odaları, ticarət birjaları, tekstil sənayeçiləri birlikləri, pambıq emalı müəssisləri pambıq qiymətlərinin formalaşmasında birlikdə iştirak edir. Belə oyunçu bolluğu qiymətərin formalaşması və bütün tərəflərin maraqlarının nəzərə alınması baxımından şəffaf mühit tələb edir. Azərbaycandakı vəziyyətə diqqət yetirək: bu institutlardan heç biri yoxdu. Ortada yalnız qiymətləri diqtə edən barmaq sayılacaq inhisarçı zavodlar – fermerlərin maraqlarını müdafiə edən hər hansı təsisat yoxdur.
Yazı iqtisadçı-ekspert Rövşən Ağayevin blogundan götürülüb.