İstanbuldakı “Exchange”lər manat qəbul etməkdən imtina ediblər. “Exchange” əməkdaşları bildiriblər ki, onlar hətta 1 manatı 1 TL-yə belə dəyişməyəcəklər. Hazırda Türkiyədə rəsmi məzənnəyə görə isə 1 manatın 1.8 TL dir. Cəmi bir il bundan öncə 1 manat 3.5 TL idi. Belə davam edəcəyi halda Azərbaycan manatı dünyada ən sürətlə ucuzlaşan valyuta kimi Ginnesin rekordlar kitabına düşəcək…
Ekspert Azər Mehtiyev bildirib ki, ancaq indiki halda manata etimad göstərilmirsə, həmin o xarici ölkələrdə də valyutadəyişmə məntəqələrində manat mübadiləsinin dayandırılması, onların manat almaması daha çox manata olan etimadsızlıq və manatın hər gün devalvasiyaya uğraya biləcəyi ilə bağlı gözləntilər ilə bağlıdır. Hər bir ölkədə mübadilə vasitəsi milli valyutadır ancaq qalan valyutalar ilə kimin hansı əməliyyat aparması sırf bazarın işidir. Bu, bazar tənzimləyən bir elementdir. O, qeyd edib ki, bütün ölkələrin valyuta ehtiyatları var və onların əsas hissəsini dollar təşkil edir: “Ancaq manat dönərli valyuta deyil. Həmin ölkələrin valyuta ehtiyatlarında yəqin ki, manat yoxdur. Bununla bağlı ölkələr arasında hər hansı qarşılıqlı bir öhdəlik yoxdur ki, hansı ölkəyə manat mübadilə olunsun və ya olunmasın. Bu, sırf bazar işidir. Türkiyə, Gürcüstan və Rusiya hökumətinin öz ölkələrinin bazarlarında manatı mübadilə etmək ilə bağlı hər hansı öhdəliyi yoxdur.
Manat sabitləşməsə, məzənnəsini sərbəst bazar müəyyən etməsə, çox təəssüf ki, ona heç yerdə etibar olmayacaq”- deyə ekspert qeyd edib.