” Hakimiyyətin yeganə real seçimi Qərblə yaxınlaşmaq, ABŞ-la münasibətləri dərinləşdirmək olmalıdır”.

Əliyevin ABŞ səfərinin nəticəsi necə olacaq?

Mili Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, görüşdən sonra baş verənləri proqnozlaşdırmaq üçün görüş ərəfəsində baş verənləri dəyərləndirmək lazımdır. G.Hacıbəylinin sözlərinə görə, images (98)İ.Əliyevin ABŞ-a getməmişdən öncə son illərin praktikasına uyğun olmayan addım atması, 14 nəfər siyasi məhbusu əhv etməsi, iki nəfərin isə məhkəmə qərarı ilə şərti azadlığa çıxması təsadüfi deyildi. Bu addımların ABŞ-a səfəri zəruri edən şərtlər olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, bu artıq ABŞ-Azərbaycan münasibətlərinin kontekstindən xəbər verir: «Hər şeydən aydın olur ki, ABŞ-Azərbaycan münasibətlərinin kontekstində insan haqları və demokratiya məsələləri üstünlük təşkil edir. Məhz buna görə də son bir neçə ildən fərqli olaraq birdən-birə əhv sərəncamı verildi. Hətta o insanlar azadlığa çıxdı ki, həbsləri müddətində sınmadılar, cəmiyyətə  bir mübarizə nümunəsi göstərdilər. Bu baxımdan səfər ABŞ-Azərbaycan münasibətlərinin yaxınlaşmasına xidmət edəcək. Bu yaxınlaşma özünü ilk növbədə insan haqları sahəsindəki irəliləyişlərdə göstərməlidir. Düşünürəm ki, səfər çərçivəsində münasibətlərdəki yeni formatdan söhbət açılması bundan xəbər verir. Bu öncə özünü siyasi məhbusların azadlığa buraxılmasında göstərəcək. Bu baxımdan həbs olunan digər siyasi məhbusların da azadlığa çıxmasını gözləyirəm. Hesab edirəm ki, bu baş verəcək. Eyni zamanda digər islahatlar istiqamətində əməli addımların atılmasını gözləyirəm».ABŞ-ın Azərbaycan hakimiyyətinə təzyiqinin göz önündə olduğunu deyən G.Hacıbəyli bildirdi ki, hələ indiyə qədər heç bir siyasi rejimə qarşı hazırlanmayan sanksiyalar layihəsi Azərbaycan iqtidarına qarşı hazırlanıb. G.Hacıbəylinin sözlərinə görə, ABŞ-dan Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar layihəsi qəbul olunmasını gözləyir. Belə olan halda Azərbaycan hakimiyyət vəziyyətin nə qədər ciddi olduğunu anlayır. Amma baş verənlərlə bağlı daxili faktoru da nəzərə alınmasını vacib sayan G.Hacıbəyli bildirdi ki, ölkənin daxilində vəziyyət hər ötən gün pisləşir: «Belə idarəetmə, məhkəmələrinin indiki vəziyyəti ilə ölkəni düşdüyü böhrandan xilas etmək mümkün olmayacaq. Ölkənin xaosa yuvarlanmaması üçün Azərbaycana ciddi beynəlxalq dəstək lazımdır. O dəstəyi isə şərtləndirən birinci amil ölkədə demokratik islahatların baş verməsidir. Daha bir məqam isə Rusiya faktoru ilə bağlıdır. Suriya münaqişəsində Rusiyanın niyyətlərinin tam üzə çıxması, Türkiyəyə qarşı təxribatlar, Moskvanın PKK-ya dəstək verməsi mənzərəni kifayət qədər aydınlaşdırıb. Yaranmış durumda siyasi hakimiyyətin yeganə real seçimi Qərblə yaxınlaşmaq, ABŞ-la münasibətləri dərinləşdirmək olmalıdır. Azərbaycan hakimiyyəti nə qədər Rusiya ilə bağlı, rəsmi Moskvanın ölkədə destablzasiya imkanları olsa da siyasi hakimiyyət gözəl anlayır ki, dünyada söz sahibi Qərbdir və Azərbaycanı düşdüyü durumdan yalnız Qərb xilas edə bilər. Hakimiyyət bunu istəsə də, istəməsə də iqtidar həm Qərblə münasibətlərdə, həm də daxildə yumuşalma, liberallaşma xətti yürütməlidir».