Gənc Demokratlar Hərəkatı hesab edir ki, bölgələrdə fəallara qarşı təqib və təzyiqlərin güclənməsi də bu qorxunun nəticəsidir
Gənc Demokratlar Hərəkatı AXCP Sabirabad rayon şöbəsindən Ali Məclisin üzvü Sahib Rüstəmlinin oğlu Rail Rüstəmovun saxta ittihamla həbsilə əlaqədar etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, uzun müddətdir ki, siyasi baxışlarına görə Sahib Rüstəmliyə qarşı təzyiqlər, yerli hüquq-mühafizə orqanları tərəfindən təqib olunması və nəhayət, övladı Rail Rüstəmovun qondarma ittihamla həbs olunması Azərbaycan hökümətinin gərçək mahiyyətini ortaya qoyur.
“Azərbaycanda vicdan məhbuslarının sayının artması, ictimai-siyasi fəallara qarşı xüsusən bölgələrdə rayon rəhbərliyinin təzyiq və təqiblərinin güclənməsi hakimiyyətin xalqın qəzəbindən, insanların etirazlarından qorxmasının göstəricisidir”, – deyə bəyanatda vurğulanır.
Gənc Demokratlar Hərəkatı hesab edir ki, hakimiyyət ictima-siyasi fəallara qarşı aqressiv davranmaqla, onları saxta ittihamlarla həbs etdirməklə insanların etirazlarının, demokratiya istəklərinin qarşısını ala bilməyəcək: “Hesab edirik ki, hakimiyyət bu təzyiq metodlarından əl çəkməli, siyasi məhbusların azadlığa buraxılması, demokratik və açıq cəmiyyətin formalaşması, sağlam mühitin yaradılması üçün sürətli addımlar atmaldır”.