«Azərbaycan» qəzeti ABŞ prezidentini BMT-dəki çıxışına görə hədəfə aldı
“Azərbaycan” qəzeti növbəti dəfə ABŞ prezidenti Barak Obamanı hədəfə alıb. Dövlət qəzetinin dünənki sayında “Xeyr, bunlar ABŞ-ın müsəlman dünyasına qarşı qəddar siyasəti haqqında həqiqətlərdir” başlıq məqalədə Barak Obamanın ünvanına sərt ittihamlar səsləndirilib.
Məqalədən bəzi hissələri təqdim edirik:”…2013-cü ildə BMT Baş Assambleyasında bir saata yaxın çıxşının başlanğıcında cənab Obama prezidentliyi dövründə “dünyada müharibələrin qarşısının alınması üçün” gördüyü işlərdən danışaraq, Iraqdan qoşunların çıxarıldığını və Əfqanıstandan çıxarılmağa başlandığını, müxtəlif ölkələrdə hərbi hissələrin saxlanması, kəşfiyyat və digər məsələlərlə bağlı strategiyanın nəzərdən keçirildiyini bəyan etdi. Onun sözlərinə görə, “ABŞ-ın öz müttəfiqləri ilə həyata keçirdiyi tədbirlər nəticəsində dünya beş il əvvəlkindən daha sabit vəziyyətə gəlib”. Lakin o, bunun ardınca Əl-Qaidə təhlükəsinin qaldığını, terrorizmin Afrika qitəsi və Yaxın Şərqdə Amerikanın və Qərbin “sülh” planlarına ciddi təhdid olduğunu dedi. Sonrakı hadisələr göstərdi ki, əslində, ABŞ Prezidenti bununla həmin ərazilərdə ölkəsinin yeni hərbi missiyasının anonsunu verirdi.
Əgər Obama həqiqəti bilmək istəyirsə, bütün dünyanın onun administrasiyası haqqında nə düşündüyünü eşitməli, Vaşinqtonun öz təsiri altına sala bilmədiyi həqiqi müstəqil medianın yazdığını və nümayiş etdirdiyini oxumalı və görməlidir. Bütün sosial şəbəkələr Amerikanın hazırda yürütdüyü siyasətə nifrət püskürür. Iraq, Suriya, Liviya, Əfqanıstan, Yəmən xarabalığa çevrilib. Bu ölkələrdə şəhərlər, kəndlər dağıdılıb, insanlar ölüm təhdidi və səfalətdən baş götürüb Avropaya pənah aparırlar. Orada da onları yeni təhdidlər – irqi və dini ayrı-seçkilik gözləyir. Artıq Avropanın özündə də belə düşünürlər ki, bu gün “qoca qitə” ABŞ-ın təcavüzkar və dağıdıcı siyasətinin acılarını yaşayır. Amerikanın özündə ksenofob meyillərə qarşı etiraz edən qaradərili əhali repressiyalara məruz qalır və əzilir…
…BMT Baş Assambleyasının dünənki sessiyasında ABŞ Prezidentinin nitqi gözlənildiyi kimi, 2013-cü ildəki çıxışdan az fərqləndi. Bu dəfə də o, ölkəsinin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi “uğurlu” siyasətdən danışdı. Bütöv ölkələrin xarabalığa çevrilməsi, minlərlə insanın ölümü, milyonların qaçqın vəziyyətinə düşməsi isə “antidemokratik rejimlərin” və terrorçuların ayağına yazıldı”.
Məqalədə Obamanın BMT-dəki nitqinə diqqət çəkilməsi, ümumiyyətlə, “Azərbaycan” qəzetinin ABŞ prezidenti hədəfə alması təsadüfi deyil. Çünki Obama çıxışında avtoritar liderlərə də müəyyən mesajlar ünvanlayıb. Ömürlük prezident olmaq konstitusiyanı dəyişən liderləri tənqid edib. Obama konkret ad çəkməsə də, Azərbaycan hakimiyyəti bu tənqidlərin ona ünvanlandığı düşünüb və dərhal ABŞ prezidentinə hücuma start verilib.
xebername.info