Biləsuvar ərazisindəki məskunlaşdıqları qəsəbələrə elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz etdiklərinə görə həbs olunan cəbrayıllı məcburi köçkünlərin işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Artıq beş nəfər təqsirləndirilən, 21-i polis olmaqla, 25 nəfər zərərçəkmiş və şahidlərin ifadələri yekunlaşıb.
“İşıq məhbusları”nın işinə Cəbrayıl Rayon Məhkəməsinin sədri Təranə Hüseynova baxır. Amma Cəbrayıl Rayon Məhkəməsindəki şəraitsizliyə görə məhkəmə prosesi İmişli Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
“İşıq məhbusları”nın məhkəməsinin adı açıq olsa da, proses faktiki qapalı şəraitdə keçirilir. “Zalda yer yoxdur” bəhanəsi ilə təqsirləndirilən şəxslərin ümumilikdə 5-6 ailə üzvü istisna olmaqla, kimsə məhkəməyə buraxılmır. Məhkəmə nəzarətçiləri bildirir ki, hakim Təranə Hüseynova özü bu haqda göstəriş verib.
Təranə Hüseynovanın məhkəməni açıq məhkəməni hansı səbəbdən qapalı keçirmək istəməsi isə bəlli deyil.
İyulun 21-də keçirilən məhkəmədə daha üç şahid dindirilib. Vəkil Bəhruz Bayramov “Azadliq.info”ya bildirib ki. Dindirilməmiş bir şahid qalıb. İyulun 26-na təyin olunan növbəti məhkəmə iclasında cinayət işinin materiallarındakı sənədlərin tədqiqi, ardınca da məhkəmə istintaqının yekunlaşacağı və prokurorun çıxış edəcəyi gözlənilir.
2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər icra hakimiyyətinin qarşısına gedərək, elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Etirzçıların sözlərinə görə, həmin vaxt rayonun polis rəisi onları təhqir edib və nəticədə qarşıdurma yaranıb. Əraziyə İmişli və Biləsuvar Rayon Polis şöbələrindən qüvvələr cəlb olunub.
Rəsmi məlumatda iddia olunur ki, toqquşmada polis əməkdaşlarına xəsarət yetirilib. Bir polis gözündən xəsarət alıb. Ancaq köçkünlər deyir ki, aksiya iştirakçılarından da xəsarət alanlar var və üstəlik, polislərin xəsarət alması ilə bağlı deyilənlər bir qədər şişirdilib.
Qəsəbədə yaşayan Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərova CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilib.
“Bizim qəsəbədə qaz yox idi. Biz evi ancaq elektriklə isidirdik. Onu da hər gün səhərdən axşama qədər kəsirdilər. Evdə qocalar, uşaqlar soyuqdan donurdu. Biz də buna etiraz eləmişik”, – deyə məcburi köçkünlər bildirib.
Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.