“Expo-2025” sərgisinin Bakıda keçiriləcəyi halda Azərbaycanın illik xərcləri 120 mln. avro təşkil edəcək.
Bunu maliyyə naziri səlahiyyətlərini icra edən Samir Şərifov deyib.
“7 il ərzində sərginin keçirilməsi üçün meydançanın hazırlanmasına ümumi xərclər 765 mln. avro təşkil edəcək. Ümumilikdə, “Expo-2025”-ə Bakının ev sahibliyi edəcəyi halda, illik xərclər 120 mln. avro təşkil edəcək”, – S.Şərifov bildirib.
Bununla belə, o qeyd edib ki, Azərbaycan sərginin təşkili və keçirilməsi üçün xərclərin qiymətləndirilməsi məqsədilə beynəlxalq ekspertləri cəlb edib.
Vətəndaşların çox böyük iqtisadi çətinliklər yaşadığı ölkədə dövlət rəhbərliyi yenə öz aləmindədir. Heç bir şübhə yixdur ki, nəzərdə tutulan tədbirə həmişə olduğu kimi deyildiyindən qat-qat artıq xərclənəcək. Dünyanın ən yüksək inkişaf səviyyəsində olan ölkələrindən biri Fransadır.Bu ölkənin paytaxtı Paris ən çox turist qəbul edən şəhər kimi tanınır.Paris bu tədbirə iddialı olsa da, sonra imtina etdi. Azərbaycandan fərqli olaraq Qərb ölkələrində belə qərarlar ciddi təhlillərdən sonra verilir. Bu tədbir ciddi fayda verə biləcək tədbir olsaydı, Paris heç vaxt imtina etməzdi.
Qeyd etmək lazımdır ki, 2015-ci ildə bu tədbir Milanda keçirilib və xeyli ziyanla nəticələnib.
Hakim ailənin təşəbbüsü kimi ortaya çıxan bu ideyanın ölkəyə baha başa gələcəyinə bu başdan şübhə etməmək olmaz.