Hadı Rəcəbli PA çağrılıb möhkəm danlanıb və ona bu tip açıqlamlar vermək yasaqlanıb.

Hadi Rəcəbli açıqlamalarına görə Prezident Administrasiyası tərəfindən cəzalandırıldı – İddia

Qarabağ əlilləri haqda aşağalayıcı tonda açıqlama verən deputat Hadı Rəcəbli Prezident Administrasiyasına çağrılıb. Bu barədə istiqlal.az saytı məlumat yayıb.
 Saytın yazdığına görə, PA rəhbərliyi məlum açıqlama ilə bağlı deputatı möhkəm danlayıb və ona bu tip açıqlamlar vermək yasaqlanıb: “Ona izah edilib ki, yalnız deputat olaraq qanunvericiliklə bağlı açıqlamalar verə bilər. Çünki Qarabağ əlillərinin problemi ilə Hadı Rəcəblinin parlamentdə rəhbərlik etdiyi Sosial Siyasət Komitəsi yox, icra strukturları, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğuldur. Bu tip açıqlamalar hökumətin siyasəti kimi yozulur və siyasi hakimiyyətə nüfuzunu zədələyir”.
“PA-da möhkəm danlanılan deputata Qarabağ əlilləri ilə görüşüb, onlardan üzrxahlıq etmək tələb edilib” – deyə mənbə vurğulayıb.
Artıq H.Rəcəblinin Qarabağ əlilləri, veteranlar və şəhid ailələri ilə görüşəcəyi ilə bağlı xəbər yayılıb.
Bununla bağlı Qarabağ Qazilər birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Qaziler.az saytına bildirib ki, Hadı Rəcəbli ilə son günlər deputatın mətbuatda Qarabağ əlillərinə dərmanların pulsuz verilməsi və digər məsələlərlə bağlı söylədiyi fikirlərlə əlaqədar bir neçə dəfə telefon əlaqəsi saxlayıb. “Bununla bağlı və geniş müzakirə üçün Hadı Rəcəblinin Qarabag Qazilər birliyi, Vətən Müharibəsi birliyi, Qarabağ Əlilləri, Şəhid ailələri və Veteranları İctimai birliyinin rəhbəri ilə yaxın günlərdə görüşü olacaq. O özü bu haqda mənə məlumat verdi“.