H.Əliyev hakimiyyətə gələndən 39 gün sonra Ağdam işğal edildi

Əli Kərimli

Ağdam hətta təkbaşına həm insan resurslarına, həm iqtisadi imkanlarına görə bütövlükdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən daha güclü idi. Ancaq belə bir əhəmiyyətli rayon 24 il əvvəl, bu gün balaca bir kənd kimi, səssiz-səmirsiz işğal olunmuşdu. İndi isə ardıcıllıqla olanları xatırlayaq.

Əbülfəz Elçibəy hakimiyyətinə qarşı 1993-cü ilin 4 iyun qiyamından cəmi bir həftə sonra – artıq 12 iyunda Ermənistan Ağdamı işğal etmək üçün hücumlara başlamışdı. Əlbəttə, düşmən belə bir fürsəti əldən verməzdi. Azərbaycan ordusunun bir korpusu öz hakimiyyətinə qarşı qiyam qaldırmışdı. Dövlətçiliklə fürsətçilliyi səhv salmış siyasətçilər də qiyama dəstək verirdilər. Baxmayaraq ki, hakimiyyətə qarşı qiyam başlamışdı və qiyamçıların ön hissələri artıq Nəvahiyə çatmışdı, Bakıya doğru gəlirdilər, Elçibəy hakimiyyəti cəbhə bölgələrindən, o cümlədən Ağdam cəbhəsindən bir nəfər də əsgər çıxarmamışdı. Könüllü AXC batalyonları və nizami hərbi hissələr Ağdamı qorumaqda davam edirdilər. Ona görə də düşmənin 12 iyun və sonrakı bir neçə hücumu dəf edildi.

Ancaq Elçibəyin vətəndaş müharibəsindən yayınmaq istəməsindən sui-istifadə edən qiyamçılar onu hakimiyyətdən uzaqlaşdıra bildilər. Heydər Əliyev başda olmaqla yeni hakimiyyət isə hələ öz aralarında vəzifə bölgüsü ilə məşğul idilər. Ağdamı qorumaq onlar üçün prioritet deyildi. Əksinə, Əliyev hakimiyyəti üçün “AXC batalyonları” adlandırdıqları könüllü batalyonları ləğv etmək daha vacib idi. Beləliklə, Ağdamın müdafiəçiləri düşmənin getdikcə güclənən hücumları qarşısında tək qalmışdılar. Hakimiyyətinin ilk illərində hər xırda məsələ ilə bağlı geniş ümumrespublika müşavirələri keçirməyi sevən Heydər Əliyev nə Ağdam, nə də digər rayonlar işğal təhlükəsilə üzləşəndə heç belə müşavirələr də keçirmədi. Parlament və hökumətin xüsusi iclasları da çağrılmadı, kömək üçün xalqa müraciət də edilmədi, digər ərazilərdən Ağdama kömək göndərilmədi, rezervlərdən istifadə olunmadı, düşmənin hücumunu zəiflətmək üçün cəbhənin başqa bir istiqamətindən ona hücum edilmədi.

Və bu hakimiyyətin xalqa “Qurtuluş günü” kimi sırıdığı 15 iyundan 39 gün, Əbülfəz Elçibəyin Bakını tərk etməsindən 37 gün sonra, 23 iyul 1993-cü ildə Ağdam işğal olundu. Ağdamın işğalına görə məsuliyyəti öz üzərindən atmaq üçün Heydər Əliyev hakimiyyəti qeyri-rəsmi olaraq dövriyyəyə şaiyə buraxdı ki, ağdamlılar özləri yaxşı vuruşmayıb, rayonlarını qorumayıblar. Sonradan digər rayonlar da bir-bir işğal olunduqca həmin şaiyə bütün Qarabağ rayonları haqqında yayılmağa başladı. Çox vicdansız şaiyə idi. Əvvəla, biz bir millətik və bizim qurduğumuz bir dövlət var. Burası ibtidai icma dövrü deyil ki, hər kəs öz evini qorusun. Vətənin hər qarış torpağı hamımızındır və hamımız birgə qorumalıyıq. İkincisi, bu şaiyə tam olaraq yalan idi. Qarabağ savaşında itirdiyimiz hər 3 nəfərdən biri ağdamlı olub. Ağdam Qarabağ savaşında bütün digər rayonlarımızdan müqayisəyəgəlməz dərəcədə çox – 6 min nəfərdən artıq şəhid verib. Allah şəhidlərimizə rəhmət eləsin! Bizlərə isə o təpəri versin ki, torpaq itkisi ilə barışmayaq, düşmən tapdağındakı müqəddəs torpaqlarımızı azad edək!