“Hələlik sizə layiq olduğunuz uşaqlığı yaşada bilmədiyimiz üçün bizi bağışlayın”!

ali-karimli-qurultaydaAXCP sədri iyunun 1-də qeyd olunan Beynəlxalq Uşaq Günündə Azərbaycanda dünyaya gələn, böyüyən uşaqların qayğılarından yazıb və ölkəmizdəki hazırkı vəziyyəti beynəlxalq təcrübə ilə müqayisə edib. Əli Kərimli facebook səhifəsində yazır:
“Fikirləşdim ki, Beynəlxalq Uşaq Günü bu barədə açıq danışmaq üçün uyğun bir zamandır. Təəəssüf ki, dövlətimiz unudub uşaqlarımızı, hökumətin başı “Formula-1”lərə, “Avropa Oyunlarına”, ən bahalı müğənnilərin Bakıda konsertlərini təşkil etməyə və bu qəbildən mənasız işlərə qarışıb. Nəticədə ölkəmizdə bir milyon uşağın təqribən 400 min nəfəri (hər beş uşaqdan ikisi) anemiyadan əziyyət çəkir. Əsas səbəb də uşaqların yaxşı qidalanmamasıdır. Mənim fikrim deyil, BMT Səhiyyə Təşkilatının hesabatında belə deyilir. http://www.unicef.az/index.php?options=content&id=66 Yenə həmin mənbəyə görə 250 min azərbaycanlı uşaq da yenə normal qidalana bilmədiyi üçün qısaboyluqdan əziyyət çəkir.

Bir neçə gün bundan qabaq Xırdalanın 100-dən artıq sakini adından məktub almışam ki, aylar ərzində uşaq pulu ala bilmirlər. Təəccübləndiniz yəqin. Analoqsuz inkişaf edən ölkəmizdə aylıq uşaq pulu ləğv olunub axı. Söhbət uşağın anadan olmasına görə verilən birdəfəlik 95 manat (90 manat idi, İlham Əliyev 5 manat artırıb) müavinətdən gedir. Bir dəfə verilən o 95 manat müavinət üçün o qədər sənəd istənilir ki, əksəriyyət məcburən o pulu da almaqdan imtina edir. Xırdalan sakinləri isə hətta o pulu da ala bilmirlər. Ölkədə 9.6 milyon əhalidən cəmi 1.5 milyonu aylıq maaş alır. Onların da 70 faizdən çoxunun əmək haqqı 410 manatdan da azdır. İndi özünüz düşünün ölkədə neçə faiz ailə uşaqlarına normal baxmaq imkanındadır?

Və bütün bu dəhşətli vəziyyət, statistika məni sövq etdi ki, ümummilli liderləri və onun layiqli davamçıları, 97 faizlik reytinqli siyasətçiləri olmayan, seçkilərdə cəmi 51-52 faiz səs alaraq bir-birini tez-tez əvəz edən hökumətləri olan, normal, analoqlu ölkələrdə uşaqlara necə qayğı göstərildiyini araşdırım. Çox ölkə araşdırdım. Amma mətn uzun olmasın deyə, AzTV-nin çoxdan “dağıtdığı” Almaniyadakı vəziyyəti sizə yazmaqla kifayətlənirəm.

Hazırda Almaniyada aylıq uşaq pulu birinci və ikinci uşaq üçün təxminən 190 avro, üçüncü uşaq üçün 196 avro, dördüncü və daha sonrakılar üçün 221 avrodur. Ailənin gəlir və vəsaitlərindən asılı olaraq, ehtiyacı olan ailələrə aylıq 160 avro əlavə uşaq pulu da ödənilir. Almaniyada uşaqlar çoxsaylı başqa qayğılarla da əhatə olunur. Hətta uşaqlara məktəbə və ya gündüz uşaq qayğı mərkəzinə gəlib-getmək, məktəb ləvazimatları, səyahət xərcləri üçün də ailələrə əlavə pullar ödənilir. Daha geniş məlumatı şərh bölümünə əlavə edirəm. Bəli, haradakı hökumətləri xalqlar özü seçir, orada uşaqların, gələcək nəslin inkişafı üçün hərtərəfli şərait yaradılır. Bizdə də belə olacaq!

Ölkədə rejim dəyişikliyindən sonra, ilk növbədə məşğul olacağımız işlərdən biri uşaqlara normal həyat şəraiti yaratmaq olacaq. Bu millətin gələcəyi olan uşaqlar (fərq etməz, həm uşaq evlərində böyüyən, kimsəsiz uşaqlar, həm də imkansız ailələrin uşaqları) yarıac, ehtiyac içində böyüməli deyillər. Onların dövlət sığortası hesabına pulsuz və keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, normal qidalanmaları, geyinmələri, əylənmələri, əvvəlcə uşaq baxçaları ilə, sonra da pulsuz və keyfiyyətli təhsillə təmin olunması quracağımız sosial dövlətin əsas vəzifələrindən olacaq.

Hələlik isə bayramınız mübarək, əziz balalar! Sizə layiq olduğunuz uşaqlığı yaşada bilmədiyimiz üçün bizi bağışlayın”!

AXCP sədri facebook hesabının şərh bölməsində uşaqlara qayğı ilə bağlı Almaniya təcrübəsini paylaşıb:

1) Almaniyada valideynlər 18 yaşdan aşağı olan uşaqları üçün uşaq pulu almaq haqqına sahibdir. Həmçinin xarici ölkələrdən gələn valideynlər də müəyyən şərtlər altında uşaq pulu üçün müraciət edə bilər. Adətən Almaniyada yaşayan və Almaniyanın normal sakini olan valideynlərə uşaq pulu ödənilir. Hətta Almaniyada yaşamayan, amma limitsiz gəlir vergisi ödəyən valideynlər də uşaq pulu almaq haqqına sahib ola bilər. Hazırda Almaniyada uşaq pulu birinci və ikinci uşaq üçün təxminən 190 avro, üçüncü uşaq üçün 196 avro, dördüncü və daha sonrakılar üçün 221 avro ödənilir. 1 yanvar 2016-cı ildə etibarən, uşaq puli hər uşağa görə 2 avro artıb. Uşaq pulu almaq haqqı əldə etmək üçün ərizə ilə Ailə Yardımı Ofisinə müraciət edilir.

2) Almaniya dövlətinin validenlərə verdiyi dəstək formalarından biri uşaq pulu ödənişidir.Valideynlər Almaniyada, Avropa Birliyi ölkələrindən birində və ya Avropa İqtisadi Zonası ilə bağlı sazişə tərəf olan dövlətlərdən birində yaşayan 18 yaşdan aşağı uşaqları üçün uşaq pulu almaq haqqına sahibdirlər. Əgər uşaq peşə təlim kursu alırsa və ya təhsillə məşğuldursa, bu haqq 25 yaşına qədər davam edir.Almaniyada yaşayan və işləyən Avropa Birliyi, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə vətəndaşları da Almaniya vətəndaşları ilə eyni haqqa sahibdir. Başqa xarici ölkələrin vətəndaşlarına gəlincə, daimi yerləşmə icazəsi olanlar da ödəniş almaq haqqına sahibdir. Almaniyada işləyən və ya qanuni şəkildə yaşama icazəsi olan şəxslər də uşaq pulu almaq hüququna malikdir.

Əlavə olaraq verilən uşaq pulu

Almaniya dövləti əlavə uşaq pulu ödənişi vasitəsilə aşağ gəlirli ailələrə dəstək verir. Aşağıdakı şərtlərə uyğun gələn ailələrə belə ödəniş edilir:

– 25 yaşdan aşağı ailə qurmamış uşaqları ilə eyni evdə yaşayan valideynlərə;
– Gəlirləri və vəsaitləri özlərinin minimum yaşayış standartlarını təmin edən, amma uşaqlarını təmin etməyə yetərli olmayan valideynlərə;
– Sosial müavinət və ya işsizlik müavinəti almaq haqqına sahib olmayan valideynlərə.

Əlavə uşaq pulu ödənişinin miqdarı ailənin gəlir və vəsaitlərindən asılıdır. Aylıq əlavə ödəniş maksimum 140 avro olub. (1 iyul 2016-cı il üçün bu rəqəm 160 avrodur). Əlavə ödəniş üçün Ailə Müavinətləri İdarəsindən xüsusi anket əldə edilir və eyni ünvana müraciət edilir.

Təhsil ödənişləri

Əlavə uşaq pulu və ya uşaqları üçün mənzil pulu alan şəxslər 1 yanvar 2011-ci ildən etibarən həmçinin, təhsil və iştirak pulu üçün də müraciət edə bilirlər. Bura daxildir:

– Məktəbə və ya gündüz uşaq qayğı mərkəzinə gəlib-getmək üçün gündəlik xərclər;
– Bir necə günü əhatə edən sinif səfərləri;
– Məktəb ləvazimatları üçün illik 100 avro;
– Uşaqların səyahət xərcləri üçün ödəniş;
– Dərsləri öyrənmək üçün ağlabatan xərclər;
– Məktəbdə, gündüz uşaq qayğı mərkəzində və uşaq evlərində günorta qayğısı;
– Cəmiyyətin sosial və mədəni həyatında iştirak üçün edilən ödənişlər.

Təhsil və iştirak ödənişləri üçün yerli administrasiya – şəhər, bələdiyyə və ya rayonların səlahiyyətli rəhbər orqanları məsul qurumlardır.

Almaniya təcrübəsilə bağlı yazı aşağıdakı linkdən götürülüb.

(http://www.bamf.de/EN/Willkommen/KinderFamilie/Kindergeld/kindergeld-node.html)