Həbsdəki MTN generalı: “Çox şeylər danışacam”

Həbsxanada müəmmalı şəkildə intihar edən MTN polkovnikinin ifadələri “dövlət sirri” sayılır və gizlədilir

Adı müxalifətə və müstəqil mediaya qarşı bir sıra olaylarda hallanan, 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunan və iki ay sonra Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında müəmmalı şəkildə intihar edən MTN polkovniki, nazirliyin Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin ölümündən əvvəlki ifadələri dövlət sirri elan edilib və gizli saxlanılır. Bu haqda İlqar Əliyevin rəisi olmuş, hazırda isə həbsdə olan MTN generalı Elçin Quliyev iyulun 17-də öz məhkəməsində danışıb. MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevin və bu mərkəzdə çalışmış polkovnik Azər Mehdiyevin işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

“Mağazamı satdıq, pulu MTN-ə aparıb verdik”

İyulun 17-də keçirilən məhkəmə iclasında iş üzrə zərərçəkmiş Maqsud Mahmudovun dostu Aslan Qəhrəmanov ifadə verib. O bildirib ki, dostunu MTN-ə çağırıb, intim video ilə şantaj edərək, 120 min pul alıblar. Həmin pulu düzəltmək üçün onun Həsən Əliyev küçəsində yerləşən mağazasını tələsik satıblar: “2015-ci ilin yayında Maqsud mənə zəng eləyib görüşmək istədiyini dedi. Görüşdük. Maqsud dedi ki, onu MTN-ə çağırıblar, şantaj edirlər, 120 min dollar istəyirlər. Bildirdi ki, pulun çatdırılması üçün ona bir gün vaxt veriblər. Maqsudun da, mənim də obyektlərimiz vardı. Biz dost olmaqla yanaşı, həm də kirvəyik. Buna görə də aramızda pul söhbəti olmayıb. Maqsud təklif etdi ki, mənim obyektim kiçik olduğu üçün onu sataq. Satdıq, pulu da götürüb MTN-ə getdik. Orada parkda maşını saxladıq. Maqsud maşından düşəndə Azər Mehdiyev onu gözləyirdi. Onlar söhbət etməyə başladılar. O vaxt kənarda olduğum üçün pulun verildiyi anı görmədim. Amma Maqsud qayıdanda dedi ki, pulu MTN işçilərinə verdi. Amma bildiyimə görə, Maqsuddan pulu tək Azər Mehdiyev almayıb. Maqsud Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin, mərkəzin əməkdaşı Ayaz Gərayzadənin də adını çəkirdi”.

Dostunun dediklərini zərərçəkmiş Maqsud Mahmudov da təsdiqləyib. Bildirib ki, pulu Azər Mehdiyevə və Ayaz Gərayzadəyə də verib. Maqsud Mahmudov MTN-ə çağrılıb, bir qadınla münasibətləri və intim videosu ilə şantaj edildiyini və nəticə etibarilə ondan 120 min dollar pul alındığını desə də, təqsirləndirilən MTN-çilər bildirirlər ki, onu Marik Şamilov adlı bir vətəndaşın şikayəti əsasında nazirliyə dindirməyə çağırıblar. Həmin Marik Şamilov da bu gün məhkəmədə ifadə verib. Deyib ki, Maqsud Mahmudovun yaxın adamları onu torpaq məsələsində aldatmışdılar, hədə-qorxu gəlirdilər, bu səbəbdən MTN-ə müraciət edib: “2009-cu ildə anamın evi plana düşdü, o pula Salyan yolu 32 ünvanında torpaq sahəsi aldım. Torpağın bələdiyyədən sənədləri vardı. İki ildən sonra torpaq aldığım əraziyə gələndə gördüm ki, orada tikinti işləri gedir. Bildirdim ki, bu torpaq mənimdir. Bir qədər sonra Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra ora torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Ama gözləsəm də, bu məsələ həll edilmədi.

Məsələ ilə əlaqədar dəfələrlə polisə, prokurorluğa şikayət etdim, nəticəsi olmadı. Mənə torpağı satanlar Maqsudun dostları olub. Sonra onlar mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. Ora kiminsə tapşırığı ilə şikayət etməmişəm”. Maqsud Mahmudovun sözlərinə görə, MTN əməkdaşı Ayaz Gərayzadə pulu ondan alanda deyib ki, bu məbləğdən 10 min dolları Marik Şamilova çatacaq: “Ayaz Gərayzadənin də, digər MTN əməkdaşlarının da ifadələrində bu var”.

“O adam MTN-ə nazirin göstərişi ilə çağrılmışdı”

Təqsirləndirilən MTN polkovniki Azər Mehdiyev isə bildirib ki, Marik Şamilovun şikayətinin araşdırılması nazir Eldar Mahmudovun tapşırığı olub və bu məsələ ona həvalə edilib. Özü həmin vaxt Avropa Oyunları ilə əlaqədar “Atletlər kəndi”də xidmətdə olub: “Mən orada əməliyyat qrupunun üzvü idim, o aralar işə gəlmirdim, ancaq “Atletlər kəndi”də olurdum. İyulun 2-də işə çıxanda qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Maqsuda zəng eləyib MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də məndə rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm. Bununla bağlı qapalı iclas da geniş danışacam”.

MTN-çiləri ölkədən kim və niyə çıxarıb?

Ayaz Gərayzadədən söz düşəndə MTN generalı Elçin Quliyev deyib ki, istintaqda ondan və daha bir MTN əməkdaşı Ramin Hümmətovdan lazımi ifadələri alıb, sonra da o adamları ölkədən çıxarıblar: “Ayaz Gərayzadə və Ramin Hümmətov da guya könüllü ifadə veriblər, cinayətlərini etiraf ediblər, sonradan yoxa çıxıblar. Bu adamlar cinayəti etiraf ediblərsə, deməli, ölkədən çıxmalarına “stop” qoyulmalı idi. Bəs niyə qadağa qoyulmayıb? Çünki onların ölkədən çıxmalarına şərait yaradılıb.

MTN generalının həyat yoldaşının da ölkədən çıxışına qadağa qoyulub

MTN-dəki hadisələrdən sonra da iki ay orada işlədim. Bir müddət sonra mənim və həyat yoldaşımın ölkədən çıxışına “stop” qoyuldu. İki uşaq anasının ölkədən çıxışına “stop” qoyulur. Hara qaçacaqdı? Hansısa günahım, cinayətim olsaydı, mən də başqaları kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan ikinci bir şəxs olmayıb. Elə qaçardım, izimi-tozumu da tapa bilməzdilər. O adamların ölkədən çıxarılması ilə bağlı qapalı icalasda geniş danışacam. Mən çox şeylər danışacam. Danışandan sonra görəcəksiniz ki, necə əməliyyatçı olmuşam. Sübut edəcəm ki, bu işdə heç bir fakt yoxdur”.

Elçin Quliyev mərhum İlqar Əliyevin ifadələrinin gizlədilməsindən də danışıb: “Maqsud Mahmudov epizodu ilə əlaqədar istintaq həm də İlqar Əliyevin ifadələrinə istinad edir. Guya İlqar Əliyev həbs olunandan sonra ifadə verib. Amma həmin ifadə ortalıqda yoxdur. Mən istinad olunan ifadə ilə tanış olmaq istədim. Mənə bildirdilər ki, həmin ifadə dövlət sirri təşkil edir”.

Elçin Quliyev onu da qeyd edib ki, zərərçəkmiş Maqsud Mahmudov MTN-ə Ukraynadakı Maydan hadisələrinə görə çağrılmışdı və bunu özü də yaxşı bilir.

Daha sonra ifadə verən şahidlər Firudin Bağırov, Şakir Əliyev, Orucağa Əhədov Maqsud Mahmudovun MTN-ə çağrılması və ondan 120 min dollar alınmasından danşıblar. Şakir Əliyev deyib ki, Maqsud Mahmudovu MTN-də intim video ilə şantaj edib pulunu alıblar.

“Orada nazir otururdu…”

Elçin Quliyev isə şahidlərin yalan danışdığını bildirib: “Bunlar öyrədilmiş ifadələrdir”. MTN generalı Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavininin nazirliyə çağrılıb hədələnməsi epizodunu yada salaraq bunları deyib: “O epizod üzrə şahidlər MTN-nin 2 və ya 3-cü mərtəbələrinə aparıldıqlarını deyirlər. Onlar pilləkənləri çıxanda neçənci mərtəbədə olduqlarını başa düşməyiblər? Antiterror Mərkəzi nazirliyin birinci mərtəbəsində olub. Heç bir şahid birinci mərtəbədə olduğunu demir. Nazirliyin 3-cü mərtəbəsində nazir əyləşib, ikinci mərtəbədə isə başqa idarələr olub”.

Məhkəmədə Maqsud Mahmudovla Elçin Quliyev arasında mübahisə olub.