Tbilisi şəhər məhkəməsi ölkənin birinci xanımı Maki Cicuanın qardaşı Mixail Mqaloblişvilini 4 il müddətinə azadlıqdan məhrum edib.
Mqaloblişvilini qanunsuz silah əldə etməkdə və saxlamaqda günahkar bilinib. O artıq dörd aydır həbsdədir.
Yanvarın 11-də Mqaloblişvilinin evində axtarış zamanı 1922-ci il istehsalı olan odlu silah aşkarlanıb.
Məhkəmədə iştirak edən Gürcüstan prezidentinin xanımı Maka Çiçua jurnalistlərə bildirib ki, qardaşından götürülən silah faktiki olaraq “muzey eksponatı”dır. “Silahı ekspertiza zamanı yığıblar, ancaq atmağa yararsızdır. Qardaşımın günahı ondadır ki, atamın ölümündən sonra silahı özünə götürüb, ancaq sənədləşdirməyib”, – deyə o bildirib.
Məhkəmə hökm çıxararkən Mqaloblişvilinin məhkumluğunu da nəzərə alıb. Məlumata görə, onun üç məhkumluğu var.
2008-ci ildə Mqaloblişvilini narkotikdən istifadə və polisə müqavimətə görə həbs edilib, iki il həbs cəzasına məhkum edilib və 9 ay sonra amnistiyaya düşüb. 2010-cu ildə yenə də narkotik istifadəsinə görə həbs edilib, 2011-ciilin may ayında isə qətlə görə 17 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2015-ci ildə yenə də amnistiyaya düşüb.