Gürcüstan parlamentinə azərbaycanlı namizəd-Fərman Ceyranlı

Oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Sayca Gürcüstan əhalisinin gürcülərdən sonra ən böyük milli kimliyini təmsil etsə də, azərbaycanlı namizədlər bu seçkilərdə elə də çox deyil. Bu il onların arasında Azərbaycanda da, Gürcüstanda da yaxşı tanınan cərrah, professor Fərman Ceyranlı var.

Professor Fərman Ceyranlı əslən gürcüstanlıdır, vaxtilə Azərbaycanın baş cərrahı olub, müxtəlif səhiyyə qurumlarına, Səhiyyə Nazirliyinin Elm İdarəsinə rəhbərlik edib. Özəl “Lanset” klinikasını qursa da, sonradan Gürcüstana köçüb və Tbilisidə həmin klinikanı yaradıb.

Bu seçkilərdə Fərman Ceyranlının adı Vahid Gürcüstan Partiyasının namizədləri siyahısında onluqda yer alıb və namizədliyi azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonundan verilib.

Fərman Ceyranlı demokratiyaya inandığını və demokratik seçkilərin Gürcüstanı inkişaf etdirdiyini deyir: “Demokratiya bütövlükdə ölkəni irəli aparır və bu, burada yaşayan soydaşlarımıza tarixi fürsətdir. Qanunların işlədiyi bir ölkədə yaşamağın xeyrini hər kəs görməkdədir”.

Fərman Ceyranlı Gürcüstan azərbaycanlılarının ictimai və siyasi həyatda passivliyindən narahatdır. Professor bildirir ki, seçkilərə qatılmaqda əsas məqsədi onları silkələməkdir: “Gürcüstan parlamentinə seçkilərə qatılmağımın iki başlıca səbəbi var. 36 ildir işlədiyim tibb sahəsində əldə etdiyim təcrübə və səhiyyə sisteminin bu gün hansı yüksək dəyərlərlə inkişaf etdirilməsinin hüquqi və qanunvericilik sistemi əsasında yollarını ortaya qoymaq gərəkdir. İkinci səbəb Gürcüstanda yaşayan soydaşlarımızın Gürcüstanın dövlət quruculuğu məsələlərində “milli azlıq” statusu ilə barışmasını qəbul etməməyimdir. Biz bu dövlətin bərabərhüquqlu vətəndaşlarıyıq. Gürcüstanın ictimai, sosial və siyasi proseslərində fəal şəkildə iştirak etməliyik. Hazırda Gürcüstanda əhalinin etnik tərkibinə görə qardaş gürcü xalqından sonra biz azərbaycanlılar ikinci yeri tuturuq. Çox təəssüflər olsun ki, cəmiyyətdə sosial və ictimai proseslərdə iştirak əmsalımız hədsiz aşağıdır. Bu məsələdə əsas günahkar elə özümüzük. Gürcüstan hökumətindən kimsənin bu məsələdə inciməyə haqqı yoxdur. Vətənimiz bu gün özünün demokratik dəyərləri ilə keçmiş Sovetlər Birliyi məkanı üçün möhtəşəm bir örnək sayılır. Biz gürcü xalqı ilə çiyin-çiyinə bu dövlətin qorunması və inkişafı üçün əlimizdən gələni etməyə borcluyuq”.

Fərman Ceyranlı deyir ki, Gürcüstanda azərbaycanlıların bəzi ciddi problemləri də var. Həmin problemləri indiki şəraitdə həll etmək mümkündür və deputat seçildikdə bunun üçün ciddi səylər göstərəcək.